Ukrayna rusiyalı iştirakçını “Eurovision”a buraxmadığına görə cərimələnə bilər

Ukrayna rusiyalı ifaçı Yuliya Samoylovanın “Eurovision-2017” müsabiqəsində iştirakına qadağa qoyulmasına görə cərimələnə bilər.

Yenicag.az-ın məlumatına görə, Avropa Yayım Birliyi (AYB) rusiyalı ifaçı Yuliya Samoylovanın Ukraynaya girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edilərkən ölkə hökumətinin “Eurovision” müsabiqəsinin təşkilatçıları ilə kifayət qədər əməkdaşlıq etməməsinə görə rəsmi Kiyevə iradlarını bildirib.

“Eurovision” təşkilatçılarının bəyanatında deyilir, ki Kiyevin bu addımı nəticəsində diqqət müsabiqədən kənar məsələlərə yönəldi və “Eurovision”-un nüfuzu təhlükə altına salındı.

Avropa Yayım Birliyinin Reqlament Komitəsi Ukraynanın Milli İctimai Teleradio Şirkətini cərimələməyi tövsiyə edib.

Cərimənin məbləği hələlik məlum deyil. Müsabiqənin təşkilatçıları cərimənin böyük məbləğdə olacağını bildiriblər.

Cərimə yalnız Samoylova ilə münaqişəyə görə yox, həm də Ukraynanın təqsiri üzündən müsabiqəyə hazırlıq mərhələsində ciddi gecikmələrin olması ilə əlaqədar olacaq.

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Kiyevdə may ayında keçirilmiş “Eurovision” Mahnı Müsabiqəsində Rusiyanı təmsil edən Yuliya Samoylovanın Ukrayna ərazisinə daxil olmağına qadağa qoyub.

Buna səbəb kimi Rusiya təmsilçisi Yuliya Samoylovanın 2015-ci ildə Krıma “qanunsuz” səfəri və orda çıxış etməsi göstərilib.

Yenicag.az