“Ukrayna Rusiyanın bütün şərtlərini qəbul edib məğlub olmalıdır, əgər…” – Azərbaycanlı polkovnik

“İstər NATO-dan, istər ABŞ-dən Ukraynanın qələbəsi üçün silah ayrılacağı yönündə açıqlamalar verilir. Bu onu göstərir ki, münaqişədə hələ ki heç kəs sülhə maraqlı deyil”.

Bu fikirləri Rusiya-Ukrayna müharibəsinin faktiki vəziyyətini şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Şair Ramaldanov bildirib ki, müharibə kulminasiya nöqtəsinə çatdıqdan sonra sülh danışıqları başlaya bilər:

“Əvvəl Sovet istehsalı olan ağır texnika başqa ölkələrdən alınıb Ukraynaya verilirdi. O texnikalar qurtardı. İndi NATO məhz öz arsenalında olan silahlardan Ukraynaya göndərməyə məcbur olub. Son say və texnikaların modifikasiyası onu göstərir ki, ciddi toqquşma nəzərdə tutulur və gözlənilir.

Rusiya birinci qismən səfərbərlik etdi. Hardasa 300 minə yaxın insan səfərbər edilmişdi. Yeni hərbi hissələr yarandı. İndi də qərar qəbul olunub ki, Rusiya quru qoşunlarının sayını 1,5 milyona çatdırsın. Rusiya təzyiqi artıracaq və NATO da buna əks-təsirlə cavab verəcək.

Ukrayna demirəm, dünya bilir ki, orada gedən proseslər Ukraynadan yox, NATO ölkələrinin qərarından asılıdır. Əgər Ukraynaya yardım olmazsa, Ukrayna qısa zamanda Rusiyanın bütün şərtlərini qəbul edib məğlub olmalıdır. Hansı ölkələr Ukraynaya yardım edib texnika göndəriblərsə, onlar da söz sahibidir. Sülhdən söhbət edən yoxdur. İstər NATO-dan, istər ABŞ-dən Ukraynanın qələbəsi üçün silah ayrılacağı yönündə açıqlamalar verilir. Bu onu göstərir ki, münaqişədə hələ ki heç kəs sülhə maraqlı deyil. Çünki onların ritorikasında sülhlə bağlı heç bir fikir yoxdur.

Rusiya müəyyən şəkildə xırda uğurlar əldə edir. Rusların uğurlarını və Ukraynanın ehtiyaclarını nəzərə alsaq, aktivliyin artacağını müşahidə edə bilərik. Ola bilsin, Rusiya daha ciddi addım ata bilər.

Rusiyada səfərbərliklə gələn heyət artıq hazırlıq keçib. Onlar döyüşə qatılmağa hazırdırlar. Komplektləşdirilən hərbi hissələr nəinki şəxsi heyətlə, texnika ilə də təmin edilib. Rusiya tərəfi demişdi ki, hava şəraitini gözləyirlər. Artıq qış aylarında yer don tutandan sonra texnikanın irəliləməsinə imkan yarananda aktivlik artacaq. Bu amillərin hamısını nəzərə alaraq demək olur ki, Rusiya daha aktiv əməliyyatlar aparmağa başlayıb. Hesab edirəm ki, Rusiyanın aktivliyi daha da artacaq.

NATO ölkələri də tələsir ki, bunun qarşısını alsınlar. Hesab edirəm ki, iki tərəfi sülhə yaxınlaşdıran müharibənin kulminasiya nöqtəsinə gəlib çıxması olacaq. Kulminasiya nöqtəsinə çatanda hər iki tərəf öz imkanlarını ortaya qoyacaq. Qış aylarında aktivlik pik həddə çatacaq və bütün proseslər bu istiqamətə gedir”.

Səxavət Məmməd