Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələri ilə təmas xəttində hücum əməliyyatları keçirmək cəhdlərindən müdafiəyə keçib.
Yenicag.az xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski ZDF alman telekanalına müsahibəsində deyib.
Sırski hazırda cəbhədəki vəziyyəti ağır adlandırıb. “Biz hücum əməliyyatından müdafiə əməliyyatına keçdik”, – deyə o qeyd edib.
O əlavə edib ki, Kiyev üçün müharibənin son məqsədi 1991-ci il sərhədlərinə çatmaqdır. Hərbçinin fikrincə, bunun üçün Ukrayna birləşməli və öz silah istehsalını artırmalıdır.
Bundan əlavə, Sırski etiraf edib ki, Ukrayna ordusu ciddi sursat və hərbi texnika çatışmazlığı ilə üzləşib.
Qeyd edək ki, ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı vəzifəsindən uzaqlaşdıraraq bu vəzifəyə əvvəllər Quru Qoşunlarının komandanı olmuş Aleksandr Sırskini təyin edib./Apa/