“Ukraynanın işğal olunmuş ərazilərdən imtina etməsi tələb olunacaq. Qarşılığında isə NATO üzvlüyü istəyəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
ABŞ-nin yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna mühariəsinin bitirmək hansı addımlar atacağı ilə bağlı ehtimalları qiymətləndirən analitikin sözlərinə görə, Trampın Rusiyanın maraqlarına uyğun olmayan təklif verməsi və təzyiq göstərərək qəbul etdirməsi bizim üçün də yaxşı olardı:
“Təbii ki, Ukrayna üçün də. Ancaq o qədər gücə sahib deyil. Ona görə də əsas təzyiq yəqin ki, Ukraynaya göstəriləcək. Yəni işğal olunmuş ərazilərdən imtina etməsi tələb olunacaq. Qarşılığında isə NATO üzvlüyü istəyəcək ki, yaxın illərdə bu da mümkün deyil”.
“Trampın vasitəçilik missiyasının əsas ağırlığı, çox güman ki, Ukraynanın üzərinə düşəcək. Çünki ABŞ-nin Ukraynaya təzyiq imkanları daha çoxdur. Düzdür, Rusiyaya təzyiq göstərmək istəyərdi. Ancaq daha artıq necə təzyiq göstərə bilər? 10 mindən artıq sanksiya tətbiq olunub, Ukraynaya xeyli silahlar verilib. İndidən sonra bir az da artıq verə bilər. Lakin bu silahların verilməsi müharibənin gedişini dəyişəcəkmi? Güman edilmir. Bir sözlə, təzyiq çox güman ki, Ukraynaya olunacaq və sülhə məcbur ediləcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli