“Ukrayna Rusiya ilə müharibəyə cəlb ediləndə uduzmuşdu. İndi bu məğlubiyyətin sənədləşdirilməsinə çalışılır”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Analitik Macarıstan və Slovakiyanın Ukrayna müharibəsinin bitirilməsi və Rusiya ilə münasibətlərin genişləndirilməsi ilə bağlı atdığı addımları şərh edib.
Onun sözlərinə görə, Ukrayna xalqının məğlubiyyətlə barışması çox ağır olacaq:
“Verilən itkilər qarşısında torpaqlarının 20%-nin itirilməsi ağır nəticədir. Buna baxmayaraq, Ukrayna xalqı bütün dünyaya Rusiyanın bir çox zəif tərəflərini göstərə bildi. Rusiya necə deyərlər “pir qələbəsi” əldə edir, yəni verdiyi itkilər qarşısında Rusiyanın əldə etdiyi qələbə məğlubiyyətə bərabər haldır. Avropa ölkələrinin rəhbərləri içərisində Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso həmişə Rusiyayönlü mövqe sərgilədilər. Onların da indi bu müharibənin Rusiyanın qələbəsi hesab edilən fonda yekunlaşmasına çalışması təbiidir. Trampın mövqeyi də böyük ölçüdə Ukraynanın xeyrinə deyil. Amma bir reallığı diqqətdən qaçırmaq olmaz”.
“Məsələ ondadır ki, Rusiya Ukraynaya ilk hücum edən günlər Qərb Zelenskinin Kiyevdən çıxarılması üçün təyyarə belə göndərmişdi. Amma Zelenskinin bunu qəbul etməyib Rusiyaya qarşı müqavimət göstərməsi bütün planları pozdu. Hesab edirəm ki, indi də belə olma ehtimalı böyükdür. Zelenskinin qətiyyəti çox şeyləri dəyişə bilər. Trampın sözü hələ NATO demək deyildir. Avropa öz təhlükəsizliyini qorumaq üçün Rusiyaya qarşı Ukraynanı dəstəkləməkdə maraqlı olacaq. Odur ki, hələlik hər şeyin bitdiyini demək tezdir”, – deyə o, əlavə edib.
“Nəticə etibarilə, Trampın da Putinə qələbə qazandırmaq istəyinin Amerika dövlətinin maraqları ilə üst-üstə düşməsi də nisbi məsələdir. Bu Trampın özünə qarşı çevrilə bilər. Odur ki, hələlik ciddi şəkildə hər şeyin bitdiyini demək doğru olmaz. Hesab edirəm ki, hadisələrin gələcək inkişafı, əslində, böyük ölçüdə Zelenskinin mövqeyindən asılı olacaq”, – fikirlərini tamamlayıb.
Rafi Müslümov