Ukrayna üçün parçalanma ANONSU: “Proseslər buna doğru gedir”

 

“Rusiya-Ukrayna müharibəsində artıq Kiyevin qələbə çalması və öz ərazi bütövlüyünü təmin etməsi qeyri-mümkündür. Ukrayna növbəti perspektivdə parçalanacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Mürtəza Bünyadlı deyib.

 

O, Ukrayna prezidenti Volodimir Zelenskinin “qələbə planı”nını təqdim etməsi fonunda Rusiyanın Donbasda təşəbbüsü ələ alması ilə bağlı Qərb mətbuatında gedən informasiyaları şərh edib. M. Bünyadlıya görə, Rusiyanın da burada tam qələbə əldə edəcəyini söyləmək düzgün olmaz: “Rusiya Donetsk, Luqansk, Zaporojye, Xerson və Krımı əldə saxlasa da, bu, onun üçün qələbə sayılmayacaq. Ukrayna prezidenti Volodimir Zelenski də artıq bunu başa düşür.

Çünki müharibədən əvvəl də Rusiya ilə Ukraynanın hərbi potensialı və resursları uyğun deyildi. Ukraynanın Rusiya üzərində tam qələbə çalması üçün gərək bundan sonra Qərb, NATO başda olmaqla, Rusiya ilə birbaşa müharibədə iştirak etsin. NATO-nun bu müharibəyə qarışması isə Üçüncü Dünya müharibəsi deməkdir”. “Doğrudur, Qərb NATO-nun əli ilə Ukraynaya maliyyə və hərbi yardımlar edir, muzdlu döyüşçülər göndərilir, amma bu, birbaşa iştirak olmadığı üçün hazırda Rusiyanın hərbi gücünün qarşısında Ukraynanın potensialını yox dərəcəsində olduğunu deyə bilərik. Lakin Rusiyanın bundan sonra Polşa sərhədlərinə qədər işğalı davam etdirməsi ehtimalının olacağını düşünmürəm.

Əgər Rusiya Ukraynada qələbə qazanarsa, Moskvanın xarici siyasətində revanş – Qərbə qarşı təhdid siyasəti olacaq. Ən pis halda, bu, baş verə bilər”, – deyə o, əlavə edib. M. Bünyadlının fikrincə, proseslər onu göstərir ki, bu gün Ukraynanın parçalanması labüddür və artıq proseslər buna doğru irəliləyir: “Son vaxtlar Ukraynanın Kursk vilayətinin bir hissəsini ələ keçirməsinə baxmayaraq, Rusiyanın Donbasda davamlı irəliləməsi, ola bilsin ki, qışa qədər bütün rus ordusunun Donetsk vilayətinin inzibati sərhədlərinə qədər çıxmasına gətirə bilər. Yəni Rusiya Donbasın bütün inzibati ərazisini ələ keçirə bilər. Son günlər Pokrovks, Toretsk və Vuqledarda ruslar hücumlarını artırıb və ukraynalılar artıq Donbasda tab gətirə bilməyərək geri çəkilirlər. Lakin soyuqlar düşəndən sonra döyüşlərdə səngimə baş tutacaq. Rusiyanın hazırkı hədəfi Donbası bütövlükdə ələ keçirib oradakı mövqelərini qoruyub saxlayaraq, Qərbi danışıqlara vadar etməkdir”.

Rafi Müslümov

COP29