Ukrayna üçün sülh planı: “Ölkənin 2022-ci il sərhədlərinə qayıtması sual altındadır”

“Respublikaçıların vitse-prezidentliyə namizəd Ceyms Devid Vensin Donald Trampın “Ukrayna üçün sülh planı” haqqında söylədiyi fikirlər seçkiöncəsi təbliğat kampaniyasının tərkib hissəsidir. Yəni tərəflər seçkiöncəsi təbliğat kampaniyasını aparıb tərəfdarlarını toplayır”.

Bu sözləri Yenicag.az-a açqılamasında politoloq Mürtəza Bünyadlı deyib.

Analitik ABŞ-də respublikaçıların prezidentliyə vahid namizədi Donald Trampın “Ukrayna üçün sülh planı” barəsində səslənən fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, burada ikinci bir məsələ isə ondan ibarətdir ki, ABŞ-də kimin hakimiyyətdə olmasından asılı olmayaraq, onların xarici siyasətində hər hansı ciddi dəyişikliklərin olacağını gözləməyə dəyməz:

“Doğrudur, Ceksonizm, Vilsonizm kimi siyasətlərdə xarici siyasətə baxış fərqli olsa da, mahiyyətcə də hamısı eyni məqsədə və hədəfə xidmət edirlər.

Mövcud status-kvoda Ukrayna məsələsinin həlli ilə bağlı deyilənlərə gəldikdə isə sual edə bilərik ki, onda bu müharibənin başlamasına nə ehtiyac var idi? Ümumiyyətlə, ABŞ-dəki seçkilər bu gün dünyanı gərginlikdə saxlamağa və öz maraqlarına xidmət etmək üçün istifadə edilən bir oyundur. Təsəvvür edək ki, Tramp Rusiyaya mesaj verir ki, mən hakimiyyətə gəlib səninlə dost olacağam. Digər tərəfdən isə deyirlər ki, İran və Çinə qarşı sərt mövqe olacaq. Demokratlar isə söyləyirlər ki, hakimiyyətdə qalsaq, Rusiyaya qarşı sərt siyasətimizi aparacağıq, İran və Çin siyasətində isə yumşaqlıq davam edəcək”.

O əmindir ki, bütün bunlar isə bir növ seçkiöncəsi proseslərlə dünyanı öz gərginliyində saxlayır:

“Bu, təkcə Rusiya, İran və Çinə deyil, həmçinin Avropa, Türkiyə, Yaxın Şərq, ərəb ölkələri və bütövlükdə dünyaya mesajlarıdır. Yəni ABŞ bununla xarici siyasətdəki oyunlarını oynayıb hegemonluğu saxlamağa xidmət edir. Amma Tramp hakimiyyətə gəlsə belə, ABŞ-nin Rusiyaya qarşı kəskin siyasətindən əl çəkəcəyinə ümid etmək bir o qədər asan deyil”.

“Təbii ki, Ukraynanın 2022-ci sərhədlərinə qayıtması sual altındadır. Yəni vaxtilə böyük Ukraynanın özü Avropa ölkələrinə təhdid idi. Çünki həm əhali sayı, həm iqtisadi potensialı, həm də ərazisi böyük və güclü olub. Həm də bu gün Avropanın Rusiyaya gücü yetəcək mi, sual burasındadır. Çünki de-yure olmasa da, de-fakto NATO Rusiya ilə qarşıdurmadadır. Müəyyən şərtlər daxilində NATO Ukraynaya müəyyən dəstək verməklə Rusiya ilə vuruşur. Lakin bu, hələlik Qərbə müsbət nəticə vermir. Amma 2 ildən artıq müddətdir ki, Qərb Ukrayna cəbhəsində ciddi uğurlar əldə etməyib.

Proseslərin necə aparılacağı, Rusiyanın çökdürülməsi məsələsi isə hazırda sual altındadır. Son illər baş verən hadisələrə baxsaq, görərik ki, Rusiya da öz hərbi potensialını inkişaf etdirməkdədir. Yəni proseslərin bundan sonra necə cərəyan edəcəyi sual altındadır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, ABŞ vitse-prezidentliyinə respublikaçılardan namizəd olan J. D. Vens Trampın Ukrayna ilə bağlı sülh planını açıqlayarkən söyləyib ki, burada, ilk növbədə, müharibə bu sərhədlərlə bitəcək və Rusiya nəzarətində olan ərazilərə de-fakto Rusiya nəzarətində qalacaq.

O, əlavə edib ki, növbəti perspektivdə Ukrayna NATO-ya daxil ola bilməyəcək və ABŞ 5-ci maddə zəmanəti verməyəcək.

Vensin sözlərinə görə, sülh planında həmçinin o da qeyd olunub ki, Rusiya bir daha müharibəyə başlamayacaq və Rusiya bəzi şərtləri qəbul edərsə, ona qarşı sanksiyalar yumşaldıla bilər, amma bəzi sanksiyalar qüvvədə qalacaq.

“Ukrayna müstəqil olaraq qalacaq və ona müəyyən təhlükəsizlik təminatı veriləcək və Rusiya hücum etməməklə bağlı öhdəlik götürəcək. ABŞ Şərqi Avropanı tərk etməyəcək, amma silahlara nəzarətlə bağlı Rusiya ilə danışıqları bərpa edəcək və qanadlı raketləri Rusiya sərhədindən uzaqlaşdırmağı müzakirə edə bilərlər”, – deyə Vensin səsləndirdiyi fikirlər arasında yer alıb.

Rafi Müslümov

COP29