Ukrayna vətəndaşları üçün viza rejimini ləğvi ilə bağlı yekun sənəd imzalanıb – VİDEO

Bu gün Strasburqda Avropa İttifaqının (Aİ) Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq olunmasına dair qərarın imzalanma mərasimi keçirilib.

Yeniçağ.Az Ukrayna mətbuata istinadən xəbər verir ki, imzalanma mərasimində Avropa Parlamentinin sədri Antonio Tayani, Aİ-yə sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib.

“Biz buna nail olduq. Hər şey qaydasındadır, hər kəs məmnundur. Biz buradayıq, biz çox şadıq, hər kəs – siyasətçilər, jurnalistlər, 45 milyon ukraynalı məmnundur”, – deyə Poroşenko vurğulayıb.

İmzalanma mərasimindən sonra Poroşenko və Tayani birgə mətbuat konfransı keçirib.

Toplantıda danışan Ukrayna prezidenti Pyotr Poroşenko artıq Sovet İttifaqı dövrünün geridə qaldığını qeyd etdi.

“Bu gün tarixi bir gündür… Bu gün Aİ üçün də, Ukrayna üçün də tarixi bir gündür”, – deyə Poroşenko bildirib.

Antonio Tayani Ukraynanın Avropa İttifaqının təhlükəsizliyi üçün çox mühüm bir ölkə olduğunu qeyd edib: “AP və Aİ-nin qurumları olaraq Ukraynada həllə nail olunması üçün müsbət düşüncəyə malikik”, – deyə o bildirib.

Tayani viza sərbəstliyinin Aİ və Ukrayna arasında yeni bir dövr üçün başlanğıc olduğunu söyləyib.

Yeniçağ.Az