Ukraynada kütləvi səfərbərlik – 900 min nəfərə çağırış vərəqəsi göndəriləcək

Ukrayna Nazirlər Kabineti bu ilin sonuna qədər poçtla 900 min çağırış vərəqəsinin göndərilməsi üçün təxminən 72 milyon qrivna (1,74 milyon dollar) ayırıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri hökumətdən daxil olan sənədlərə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bu barədə qərar Nazirlər Kabinetinin sentyabrın 24-də keçirilən iclasında qəbul edilib. Səlahiyyətlilərin aylıq 300 min çağırış vərəqəsi çap etməyə hazırlaşdığı bildirilir.

İyulun 17-dən Ukrayna hərbi komissarları çağırış vərəqələrini poçtla son qeydiyyat yerinə göndərə bilirlər. Vətəndaş onu qəbul etməkdən imtina etsə və ya almasa belə, çağırış vərəqəsi verilmiş sayılacaq. Çağırılan zaman gəlməyənlər axtarışa veriləcək.

Ukrayna hakimiyyəti cəbhədəki ağır vəziyyət və kadr çatışmazlığı səbəbindən silahlı qüvvələrin sıralarını daha yüz minlərlə ukraynalı ilə doldurmaq üçün səfərbərlik qaydalarını ciddi şəkildə sərtləşdirib. Ukraynada 2022-ci ilin fevralından ümumi səfərbərlik elan edilib və bir neçə dəfə uzadılıb.

Bu il mayın 18-də ölkədə yeni səfərbərlik qaydaları haqqında qanun qüvvəyə minib, hərbi yaşda olan kişilərin xidmətdən yayınmasının qarşısını almaq üçün mümkün olan hər şey edilir.

İsmayıl Bakuvi

COP29