Ukraynada müharibə bu il başa çatır? – Mümkün EHTİMALLAR

“Kiyevin əks-hücumu başqa ərazilərdə gözlənilirdi”.

Bunu Yenicag.az-a açıqlamasında Ukraynanın Rusiya ərazilərinə irəliləməsinin müharibənin taleyinə mümkün təsirindən danışan politoloq Abutalıb Səmədov deyib.

Onun sözlərinə görə, Ukraynanın bu addımı çoxları üçün gözlənilməz idi.

“Kiyevin əks-hücumu tamamilə başqa ərazilərdə gözlənilirdi. Əslinə qalsa, bu əməliyyatların rəsmilər tərəfindən sülh danışıqlarında Ukraynın mövqelərini gücləndirməyə yönəldiyi deyilirdi. Həqiqətən elədirmi? Yaxud Ukrayna Rusiya ərazilərinin ciddi hissəsini tuta bilərmi?
Belə ehtimal mümkünsüzdür. Çünki Rusiyanın dərinliklərinə girmək üçün böyük qüvvəyə malik olmaq vacibdir. Yəni Ukrayna çox irəliləyə bilməyəcək. Bəs 2024-də müharibə başa çata bilərmi?

Ehtimal olunur ki, müharibənin bu il başa çatması mümkündür. Ancaq ehtimalın özünü nə qədər doğruldacağı ABŞ-də keçiriləcək prezident seçkilərinin nəticəsindən asılıdır. Demokratlar qalib gələrsə, qətiyyətli mövqe tutaraq və Ukraynaya yardımları artıraraq, müharibənin gedişinə təsir göstərə, hətta sülh danışıqlarını belə başlada bilərlər. Lakin Respublikaçılar hakimiyyətə gəlsə Trampın sülh planı hər kəsə aydındır. Hər iki tərəfə təzyiq göstərərək onları daışıqlara məcbur etmək.

Bir sözlə sülh Rusiya-Ukrayna cəbhəsindəki dəyişikliklərdən daha çox ABŞ-dəki prezident seçkilərinin nəticəsindən asılıdır”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli