“Rusiya-Ukrayna müharibəsi göstərdi ki, Moskva “qırmızı xət”ləri çox asanlıqla keçə bilir. Məsələn, “Kaxovka” Su Elektrik Stansiyasnın partladılmasına qədər hərbi təhlilçilər düşünmürdülər ki, Rusiya bu fəaliyyəti icra edə bilər. Çünki bunun kifayət qədər fəsadları olacaqdı. Amma Moskva bunu etdi”.
Yenicag.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Elxan Şıxəliyev deyib.
O, Zaporojye Atom Elektrik Stansiyasının (AES) partladılması ehtimalı, bu halda bölgədə yarana biləcək vəziyyət, habelə partlayışın Azərbaycana mümkün təsirlərindən söz açıb.
Hərbi ekspertin sözlərinə görə, Zaporojye AES-lə bağlı müzakirələr elə-belə başlamayıb:
“Enerqodar AES Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. Ukrayna ordusunun əks-hücum əməliyyatlarının qarşısını almaq üçün o partladıla bilər. “Kaxovka” SES-i kimi. O zaman Rusiya özünü təqsirkar saymadı və Kiyevin boynuna yıxdı. İndi də eyni hal ola bilər, çünki bu “təcrübə” ruslarda var”.
Polkovnik iddia edib ki, Zaporojye AES-in partladılması ehtimalı doğrudur:
“Ukrayna ərazisində nüvə silahının istifadəsində, ilk addım armalıdır ki, sonrasında nüvə silahından tam istifadə edilsin. Hazırda AES-in partladılması ilə bağlı gözləntilər var.
Bu, Ukraynadan başqa, ətraf ölkələrə də təsir edəcək. Ehtiyatlanma buna görədir. Üstəlik, Ukraynanın tərəfdaşları – NATO ölkələrinin rəhbərləri istəyirlər ki, Rusiya bu kimi addımları atmağa məcbur qalmasın. Ən azı müharibə statik vəziyyətə gəlsin ki, tərəflər danışıqlar mərhələsinə keçsin”.
E. Şıxəliyev vurğulayıb: “Bunu Ukrayna hücumlarının nəticələri ilə qiymətləndirməliyik. Yəni Kiyev Enerqodar AES-i necə nəzarətə götürmək istəyir. Çünki Rusiya xoşluqla o ərazidən geri çəkilməz.
Rusiyanın indiki mərhələdə hansı addımları atacağını isə proqnozlaşdırmaq çətindir.
Azərbaycanda Çernobıl AES-in partlaması ilə bağlı təcrübəmiz var. Onun yayılma dairəsi 100-200 km areala bərabərdir. Əgər Zaporojye AES partladılarsa, bunun Azərbaycana birbaşa təsirini hesablamaq çətindir. Lakin bölgədəki əhali üçün böyük fəsadlar yarada bilər”.