Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə başa çatdı

Ukraynada prezident seçkiləri ilə bağlı keçirilən səsvermə yerli vaxtla saat 20:00-da başa çatıb.

Yenicag.az xəbər verir ki, Ukrayna Mərkəzi Seçki Komissiyasının saat 15:00-a olan nəticəsinə görə, seçicilərin 45 faizdən çoxusu səsvermədə iştirak edib.
MSK prezident seçkisi ilə bağlı 30,44 milyon bülleten çap edib. Komissiya seçicilərin sayının 30 028 913 nəfər olacağını proqnozlaşdırıb.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb.
Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri 10 gündən gec olmayaraq açıqlamalıdır. Əgər hər hansı namizəd səslərin 50 faizindən çoxunu qazana bilməsə, ölkədə prezident seçkilərinin ikinci turu aprelin 21-də keçiriləcək.

Seçki kampaniyası dövründə aparılan rəy sorğularında ikinci turun keçiriləcəyinin qaçılmaz olduğu qeyd edilir. Rəy sorğularına əsasən, ikinci tura daha çox hazırkı prezident Petro Poroşenko ilə şoumen Vladimir Zelenski şanslı sayılır.

MSK 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda – 80 santimetrdir.

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı 2 minə yaxın xarici müşahidəçini qeydə alıb. Müşahidəçilər 15 beynəlxalq təşkilatı və 16 xarici dövləti təmsil edir./AZƏRTAC/

COP29