“Ukrayna müharibəsinin arealı get-gedə genişlənir”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
O, savaşın arealının genişlənməsi və Rusiyanın 2025-ci ildə Donbası ələ keçirməsindən sonra Dneprə hücum edəcəyi ilə bağlı yayılan informasiyalara münasibət bildirib.
Onun sözlərinə görə, burada ehtimallardan biri də odur ki, proseslər davam edə bilər:
“Nə qədər ki, tərəflər ortaq məxrəcə gəlməyib, çox güman ki, müharibə və onun şiddəti davam edəcək. Ona görə də bütün ssenarilərə hazır olmalıyıq”.
Kursk döyüşlərinə gəldikdə isə politoloq bildirib ki, Ukrayna tərəfinin müəyyən gözləntilər mövcud idi.
“Ən azından Rusiyanın daxili siyasəti qarışa, bəzi gərginliklər yaşana və bu, Rusiyaya psixoloji zərbə ola bilər. Amma vaxt göstərir ki, cəmiyyət hər şeyə alışır və inanmıram ki, Kurskdan sonra müharibənin arealı Belqoroda keçəcək. Arealın genişlənməsi üçün Ukraynanın kifayət qədər qüvvələri də yoxdur. Ukraynanın bəzi qüvvələri cənub cəbhəsindən – Zaporojyedən Kurska yollanıblar. Orada da döyüşlər gedir, insanlar tələf olur”, – deyə o bildirib.
Onun fikrincə, sözügedən savaşda Rusiyanın resursları daha çoxdur:
“Ukrayna ordusunda isə canlı qüvvə çatışmazlığı özünü göstərir. Pokrovskda, Donbasın digər bölgələrində olan qüvvə çatımazlığını, səfərbərlik problemlərini görürük. Əməliyyatların genişləndirilməsi isə mütləq səfərbərlik potensialının istifadəsi deməkdir. Maraqlıdır, Ukrayananın buna gücü varmı? Ümumiyyətlə, hazırkı gücü çatacaqmı?
Düşünürəm ki, üzümüzə gələn aylarda bu taktikanın Ukrayna üçün nə qədər uduşlu olduğunu görə biləcəyik. Ümumi vəziyyət isə hamımıza bəllidir. Vəziyyət isə gərgin olaraq qalmaqdadır”.
Rafi Müslümov