Ukraynada Zaporojye şəhərindəki hostellərdən birində baş vermiş yanğın zamanı ölən azərbaycanlıların adları məlum olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bunlar Ukrayna vətəndaşı, əslən Saatlı rayonunun Minbaşılı kənd sakini, 1962-ci il təvəllüdlü Zeynalov İlham Nuru oğlu, Azərbaycan vətəndaşı, Cəlilabad şəhər sakini, 1955-ci il təvəllüdlü Yelçiyev Balamirzə Ağamirzə oğlu, Azərbaycan vətəndaşı, Ağdaş şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Yaşar Məzahir oğlu və Azərbaycan vətəndaşı, Sabirabad rayonunun Türkadi kənd sakini, 1978-ci il təvəllüdlü Abuşov İntiqam Yaşar oğludur.
Xatırladaq ki, iki gün əvvəl Ukraynanın Zaporojye şəhərindəki hostellərdən birində baş verən yanğında 4 azərbaycanlı ölüb. Hosteldə baş verən yanğın zamanı 4 nəfər hadisə yerində, bir nəfər isə xəstəxanada ölüb. Ölən digər şəxs hostelin mühafizəçisi olub. Aralarında 2009-cu il təvəllüdlü uşağın olduğu 4 nəfər isə xilas edilib.
Hosteldə əsasən topdansatış tərəvəz bazarının satıcılarının qaldığı bildirilir.
Ölən 4 azərbaycanlının meyiti sabah vətənə yola salınacaq. Bu barədə APA-ya Zaporojye azərbaycanlıları cəmiyyətinin sədri Həbib Həsənli bildirib.
Azərbaycan diasporunun köməyi ilə ölən azərbaycanlılarla bağlı bütün sənədlər hazırlanıb və onların vətənə göndərilməsi üçün bütün tədarük görülüb.