Ukraynalı deputat: “Zəfər bayramının sevincinə şərikik”

Ukrayna Ali Radasının deputatı Zəfər Günü münasibətilə Milli Məclisin sədrinə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, Ukrayna parlamenti adından hörmət və ehtiramını bildirən Ukrayna Ali Radasının deputatı, “Xalqın xidmətçisi” parlament fraksiyasının təmsilçisi Lyudmila Marçenko Zəfər Günü münasibəti ilə Milli Məclisin sədri Sahibə Qafarovaya və bütün Azərbaycan xalqına ən səmimi təbriklərini çatdırıb.

Qeyd edilib ki, bu böyük Qələbə ölkə rəhbərliyinin yorulmaz fəaliyyətinin və Azərbaycan xalqının birliyinin bəhrəsidir. Azərbaycan dövləti tərəfindən Qarabağın və ətraf ərazilərin işğaldan azad olunması qardaş Ukrayna xalqını da çox sevindirir.

Təbrik məktubunda Azərbaycan xalqının Qarabağ uğrunda Vətən müharibəsində qazandığı Qələbənin, Zəfər bayramının sevincinə şərik olduğunu bildirən Ukrayna Ali Radasının deputatı Azərbaycanın tarixi qələbəyə sanballı töhfə verərək bütün dünya üçün nümunəyə çevrildiyini, ölkəmizin ərazi bütövlüyünün Ukrayna rəhbərliyi tərəfindən prinsipial olaraq hər zaman dəstəkləndiyini və bu gün də dəstəklənməkdə davam etdiyini vurğulayıb. Erməni işğalından azad olunmuş torpaqlarımızın tezliklə bərpa ediləcəyinə əminlik ifadə edib.

Deputat Ukrayna ilə Azərbaycan arasında dostluğun və müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın potensial inkişafından, ölkələrimizin strateji tərəfdaş olmasından məmnunluq ifadə edilib.

Lyudmila Marçenko Azərbaycan parlamentinin rəhbəri Sahibə Qafarovaya möhkəm can sağlığı, fəaliyyətində uğurlar, Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulanıb.