Ukraynalı politoloq Yevgeni Maqda Rusiya-Ukrayna müharibəsi, sülh danışıqları və ABŞ-nin buradakı rolu ilə bağlı müsahibə verib.
Yenicag.az ukraynalı analitikin “Hraparak” nəşrinə müsahibəsini təqdim edir:
– Ukrayna heç vaxt olmadığı qədər sülhə yaxındır. Zelenskinin son bəyanatını misilsiz və çox sevindirici hesab etmək olar. Ölkədə nikbinlik üçün əsas varmı?
– Prezidentin məlumatlılıq səviyyəsinin məndən daha yüksək olduğunu anlayıram, lakin hələlik nikbinlik üçün ciddi əsaslar görmürəm. Rusiya Donbasda irəliləməyə davam edir, Ukrayna qoşunları isə Kursk vilayətindədir. Trampın son fəallığı dünyanın ən böyük müharibəsi – Rusiya-Ukrayna müharibəsinin həllinə gətirib çıxaracaq qədər ciddi deyil.
– Daha əvvəl Putin Ukrayna liderini legitim hesab etmədiyini bildirərək, Moskvanın Kiyevin istənilən başqa nümayəndəsi ilə sülh danışıqları aparacağını bəyan etmişdi. Zelenski isə buna cavab olaraq “Putin güclü liderlərdən qorxur” demişdi. Tərəflər şəxsi antipatiyanı aşa biləcəkmi?
– Burada şəxsi antipatiyadan söhbət getmir. Məsələ ondadır ki, Putin günahı xəstələrdən sağlamlara yönəltməyə çalışır. Onun 2024-cü ilin martında Rusiya prezidenti postuna yenidən seçilməsi beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ukraynanın işğal olunmuş ərazilərində baş verdi. Sonra isə dünya ictimaiyyəti bunu səssizcə qəbul etdi. Zelenski və Putinin eyni masa arxasında əyləşib danışıqlar aparacağı bir vəziyyət görmürəm.
– ABŞ prezidenti vəzifəsinə yenidən qayıdan Donald Tramp son açıqlamasında bildirib ki, administrasiyası Rusiya tərəfi ilə Ukrayna müharibəsinin sonlandırılması ilə bağlı ciddi müzakirələr aparıb. Zelenskinin reaksiyası belə oldu: Kiyevin iştirakı və maraqları nəzərə alınmadan aparılan istənilən danışıqlar hamı üçün təhlükəlidir.
– Bir tərəfdən Tramp biznes məntiqi ilə hərəkət edir, digər tərəfdən isə onun administrasiyası qlobal hegemon olaraq “döyüşdən üstün olmaq” istəyir. Bu yanaşma, ümumiyyətlə, Rusiyanın maraqlarına uyğundur. Moskva üçün Ukrayna məsələsində “Yalta-1945”dən daha çox “Münhen-1938” ssenarisi əlverişlidir. Münhen ssenarisi müqavimət göstərməyə cəsarət edən bir ölkənin bölünməsini nəzərdə tutur. Təəssüf ki, Vaşinqton bunu başa düşmür. Ukrayna ilə bağlı Kiyevsiz aparılan danışıqlar, əslində, Putinin qaydalarına uyğun hərəkət etmək deməkdir. Bizim vəzifəmiz isə bunu Donald Tramp və onun ətrafına çatdırmaqdır.
– Tramp saatlar əvvəl məhz buna işarə etdi. Onun sözlərinə görə, administrasiyası Kiyev və Moskva ilə ciddi görüşlər və danışıqlar planlaşdırır. Deməli, Zelenskinin mesajı ünvanına çatdı?
– Bilirsiniz, seçki kampaniyası zamanı Donald Tramp söz vermişdi ki, prezident seçildikdən sonra 24 saat ərzində Putini və Zelenskini danışıqlar masasına əyləşdirəcək. Ancaq bu, baş vermədi. ABŞ Rusiya-Ukrayna müharibəsini bitirməyə çalışacaq, lakin bunun nə qədər tez olacağını proqnozlaşdırmaq riskinə girmək istəmirəm.
– Tramp administrasiyası Ukrayna hakimiyyətinə bu il müharibənin sülh yolu ilə həllindən sonra prezident və parlament seçkiləri keçirməyi tövsiyə edib. Yeni seçkilər olarsa, Zelenskinin qalib gəlmək şansı varmı?
– ABŞ seçkilərin keçirilməsi məsələsində öz təcrübəsindən çıxış edir. 1944-cü il prezident seçkiləri İkinci Dünya müharibəsi zamanı ABŞ-də baş tutdu və bu ölkənin ərazisi işğala məruz qalmamışdı. Ukrayna isə ərazisinin təxminən 20%-ni itirib, milyonlarla vətəndaşı qaçqın vəziyyətinə düşüb. Belə bir şəraitdə seçkilərin nə dərəcədə demokratik olacağı sual altındadır. Prezident seçkilərinin nəticələri onların keçirilmə şərtlərindən çox asılı olacaq. Zelenski namizədliyini irəli sürəcəkmi? Aydındır ki, bəli. Qalib gələcəkmi? Böyük ehtimalla, yox.
Tərcümə: Rafi Müslümov