Ukraynanın atəşkəs müzakirələri: “Kiyevi ədalətsiz sülhə hazırlayırlar”

 

“Ukrayna öz resursları ilə müharibəni apara biləcək gücdə dövlət olmadığına görə, bu müharibəyə də özünün maraqları ilə deyil, əksinə, dünyada yaranan burulğan səbəbi ilə düşdü”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.

O, Ukraynanın torpaqlarının işğal altında qalması fonunda Rusiya ilə müvəqqəti atəşkəsə razı olması ilə bağlı Qərb mətbuatları tərəfindən yayılan informasiyalara münasibət bildirib.

Onun fikrincə, Ukrayna faktiki də olsa, işğal edilmiş ərazilərinin Rusiyanın nəzarətində qalmasına müvəqqəti də olsa, razılaşmalı olacaq:

“Çünki demoqrafik resurs baxımından Ukrayna bu savaşı apara bilmir. Eyni zamanda, Ukraynanı dəstəkləmiş kimi görünən dövlətlərin özlərinin daxilindəki fikir ayrılıqları, bəzən Ukraynaya hücum silahlar vermələri, bəzən də verməmələri, habelə Ukraynanı ədalətsiz sülhə təşviq etmələri, arxa mətbəxdə Kiyevə təzyiq etmələri onu deməyə əsas verir ki, prezident Zelenski, yaxud Ukraynanı təmsil edəcək başqa bir şəxs mütləq ruslarla danışıqlara oturmalıdır”.

“Bu danışıqlarda rusların əlindəki “kozır” ondan ibarətdir ki, onlar Ukraynanın müəyyən ərazilərini işğal ediblər və onları orada sıxışdırıb çıxarmaq mümkün deyil. Hətta Kursk əməliyyatında bəzi analitiklər ümidlənmişdilər ki, bu, rusların Donbasdan çıxmasına səbəb olacaq, amma görünən odur ki, Kurs əməliyyatı lazımi effekti vermədi”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, nüfuzlu “The Financial Times” nəşrinin yazdığına görə, Ukrayna üçün vəziyyət hər keçən gün çətinləşir. Qəzet yazır ki, Ukrayna tərəfi atəşkəsi müzakirə etməyə başlayıb və prezident Volodimir Zelenski itirilmiş ərazilərin taleyi üçün referendumu belə təklif edib.

“Ola bilsin ki, Amerikada seçkilərdən sonra danışıqlar başlasın. Anlaşılandır ki, Ukrayna tərəfi Rusiyaya torpaq güzəştə getməyə məcbur qalacaq”, – məlumatda qeyd olunub.

Rafi Müslümov

COP29