“Ukraynanın öz öhdəliklərini yerinə yetirməməsi SOCAR-a problemlər yaradır” – Sergey Kuyun

“İndiki şəraitdə Ukraynanın bir çox səbəblərə görə Rusiyanın enerji asılılığından xilas olması çətindir”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Ukraynanın “A-95” Konsaltinq Qrupunun rəhbəri Sergey Kuyun deyib.

– Ukrayna Rusayadan neft məhsullarının idxalını demək olar ki tamamilə dayandırıb. Bu halda Azərbaycan nefti Rusiyadan alınan xammalı əvəz edə bilərmi?

– Əlbəttə, edə bilər. Ümumiyyətlə, Azərbaycandan alınan neft məhsulları yeganə məhsuldur ki, xarici xammaldan emal edilir. Əsaslı arqumentlər bunu deməyə imkan verir ki, Ukraynanın xaricdən neft idxalında Azərbaycanın payı əhəmiyyətli dərəcədə artacaq. Qeyd edim ki, Azərbaycandan alınan xammal Kremençuq Neft Emalı Zavoduna göndərilir. Həmin müssəsisədə isə hazırda emal gücünün cəmi 30 faizindən istifadə olunur. O baxımdan, Ukraynanın Azərbaycandan idxal olunan neftin həcmini artırması real görünür. Ancaq ötən il Azərbaycandan cəmi 1 milyon ton neft alınıb.

– Niyə bu qədər az?

– Ona görə ki, həmin zavod istehsalın aşağı effektivliyinə və rəqabətin genişliyinə görə bundan artığına qadir deyil. Hazırda Kremençuq zavodunda modernləşdirmə işləri aparılır və emal gücünün artırılması məqsədilə ciddi addımlar atılır. Fikrimcə, yaxın müddətdə bu işlər yekunlaşacaq və Azərbaycanla yanaşı, başqa ölkələrdən alınan xammalın da emalı üçün imkanlar yaranacaq. Qeyd edim ki, Azərbaycan tərəfi Ukraynanın tələbatını nəzərə alaraq, ölkəmizə ixrac etdiyi neft və neft məhsullarının həcminin artırıla biləcəyini bildirib.

– Kremençuqdakı zavod hər halda özəl müəssisədir. Bəs Ukraynanın Azərbaycandan neft idxalına dair dövlət proqramı var?

– Həmin zavodun səhmlərinin 43 faizi dövlətə məxsusdur. Ancaq dövlət dediyiniz məsələlərə qarışmır.

– Azərbaycan və Ukrayna prezidentləri enerji sahəsində əməkdaşlıq imkanlarının olduğunu dəfələrlə bəyan ediblər. Burada hansı perspektivlərdən söhbət gedir?

– Şebelin Qaz Emalı Zavodunda Azərbaycandan idxal olunan neftin bir hissəsinin yenidən emal olunması üçün potensial var. Bu zavod Ukraynanın “Naftoqaz” dövlət konserninin törəmə qurumu olan “UkrQazDobıça” şirkətinə məxsusdur. Ancaq o müəssisə ilə illik emal potensialı 6-7 milyon ton neft olan Kremençuqdakı zavodun imkanları müqayisəyə gəlmir. Həmçinin bu planlar ilk növbədə Azərbaycan nefti ilə bağlıdır, çünki hələ başqa alternativlər yoxdur. Bu ssenari Ukrayna üçün ona görə sərfəlidir ki, daxili bazarda məhz yerli zavodlarda emal olunmuş neft məhsulları üstünlük təşkil edəcək. Bu da öz növbəsində Ukraynanın Rusiyadan enerji asılılığını müəyyən qədər aradan qaldırar.

– SOCAR Ukraynanın enerji bazarında çoxdan lider mövqedə qərarlaşıb. Rəqabətin artdığı bir şəraitdə bu şirkətin inkişaf perspektivi haqda nə demək olar?

– Təəssüf ki, Ukraynanın münbit iqtisadi şəraitin yaradılması üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən SOCAR-ın ölkəmizdəki layihələrinin icrasında ləngimələr yaranır. Məsələn, SOCAR-ın Odessa limanı üzrə maraqlı bir layihəsi vardı. Orada söhbət bundan gedirdi ki, müxtəlif istiqamətlərdən gətirilən mazut limandakı vahid anbarda toplanmalı və daha sonra Aralıq dənizinə yola salınmalıydı. Bu layihə 2016-cı ildə prezidentlər İlham Əliyev və Viktor Poroşenko arasında müzakirə olunub. Ancaq Ukrayna müxtəlif xərc və rüsumları vaxtında tənzimləmədiyi və bu işə müxtəlif əngəllər yaratdığı üçün SOCAR həmin layihədən imtina etdi.

– Ancaq hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələri Ukraynada ən tələb olunan məntəqələrdir…

– Əgər pərakəndə ticarətdən danışası olsaq, burada da müəyyən çətinliklər mövcuddur. Hələ 2007-ci ildə SOCAR-ın ilk yanacaqdoldurma məntəqəsi açılanda bəyan edilmişdi ki, yaxın müddətdə o stansiyaların sayı 100-ə çatdırılacaq. Lakin artıq 2018-ci il olsa da, həmin yanacaqdoldurma məntəqələrinin sayı cəmi 70-dir. Bu layihəyə 300 milyon dollar sərf olunsa da, onun inkişafı üçün addımlar atılmır. Əlbəttə, SOCAR-ın yanacaqdoldurma məntəqələri keyfiyyətcə yeni mərhələdir. Amma bayaq da dediyim ki, Ukrayna tərəfinin münbit iqtisadi şəraiti təmin etmək üzrə öhdəliklərini yerinə yetirməməsi SOCAR-ın əlavə layihələr həyata keçirməsinin qarşısını alır.

Yarina Lazko, Kiyev

COP29