Ukraynanın Rusiya ərazisinə CAVAB zərbələri: Münaqişənin gələcəyi nə vəd edir?

“ABŞ-nin dövlət katibi Entoni Blinkenin Kiyev səfərində Rusiya ərazisinə Ukrayna ordusunun cavab zərbələri endirməsinə icazə verəcəyi ilə bağlı səslənən fikirlər istisna edilmir. Bu məsələ də ciddi şəkildə müzakirə olunacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq, diplomat Fikrət Sadıxov deyib.

Mütəxəssis icazə verildiyi halda, Ukraynanın ATACMS, AGM-158 JASSM və “Storm Shadow” raketləri ilə Rusiya ərazilərinə zərbələr endirə biləcəyi ilə bağlı yayılan informasiyaları şərh edib.

“Amma digər reallıq da odur ki, onda müharibənin sonu görünməyəcək və atəşkəsin elan olunması məsələsi daha da mürəkkəbləşəcək. Əgər Ukrayna və Rusiya rəsmiləri atəşkəsin başlaması ilə bağlı fikirlər səsləndirirsə, onda ATACMS və digər uzaqmənzilli raketlərlə Rusiyanın daxilinə zərbə endirilməsi məsələsini necə başa düşmək olar?”, – deyə o bildirib.

Onun sözlərinə görə, sadəcə olaraq, burada bir həqiqət ola bilər:

“Müdafiə məqsədilə ukraynalılar Rusiyaya zərbələr endirə bilər. Çünki onlar müdafiə olunur, onların ərazisində qanlı müharibə gedir. Amma ukraynalılar Rusiyanın daxilinə raketlər atsalar, zərbələr endirsələr, əlbəttə ki, bu, münaqişənin sonu görünməyəcək və proseslər daha da gərginləşəcək”.

F. Sadıxov düşünür ki, bu məsələ 2 aydan sonra daha aydın olacaq:

“Çünki ABŞ-də noyabr ayında seçkilər keçiriləcək və seçkilər zamanı hakimiyyətə kimin gələcəyi hələlik məlum deyil. Əgər Donald Tramp seçilsə, Ukrayna məsələsi başqa bir istiqamətdə cərəyan edəcək. Yox, əgər Kamala Harris prezident olarsa, burada da müəyyən düzəlişlər edilə bilər. Lakin bu siyasətçilər başa düşməlidir ki, artıq müharibəyə son qoyulmalı, atəşkəs elan olunmalıdır. Siyasətçilərin və diplomatların əsas məqsədi də məhz bundan ibarət olmalıdır ki, Ukrayna savaşı bu və ya digər şəkildə yekunlaşsın”.

Rafi Müslümov

COP29