“Diplomatik trafik Ukraynanın kənarında gedir”.
Bunu Rusiya-Ukrayna müharibəsinin taleyinin həll olunması üçün aparılan danışıqlarda Kiyevin kənarda saxlanmasının mümkün nəticələrdən danışan politoloq Turan Rzayev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Ukraynanı birmənalı şəkildə danışıqlardan kənarda saxlamaq mümkün deyil:
“Müharibə Rusiya və Ukrayna arasındadırsa, məntiqi olaraq Kiyevin prosesdən kənar saxlanılması düzgün deyil. Amma ümumi mənada, diplomatik trafik Ukraynanın kənarında gedir. Misal üçün, Səudiyyə Ərəbistanında aparılan danışıqlara faktiki olaraq Ukrayna dəvət olunmadı.
Əsas məsələ Rusiya və ABŞ-nin ortaq məxrəcə gəlməsidir. ABŞ Prezidenti Donald Tramp düşünür ki, Rusiya Prezidenti Vladimir Putini razı salmaq Ukrayna Prezidenti Vladimir Zelenskini razı salmaqdan daha çətindir. Bu səbəbdən prioritet məsələ kimi proseslər bu istiqamətə yönəlib. Qısacası, Putinlə Tramp razı olarsa, Zelenskiyə söz qalmayacaq. Ya son qərarla razılaşacaq, ya da başqa şəxs hakimiyyətə gətiriləcək”.
Nəsimi Ələsgərli