!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynaya 3 tövsiyə və İrana QƏTİ MESAJLAR: İlham Əliyev kimləri hədəf taxtasına çıxardı? - TƏHLİL

!Reklam – Yazi

Prezident İlham Əliyevin ötən gün ADA Universitetində təşkil olunan “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransdakı çıxışında yer alan fikirlər regionda yaranmış mövcud durumu dəqiq əks etdirməklə yanaşı, həm də Azərbaycanın bölgədə cərəyan edən proseslərə yanaşmasının ifadəsi baxımından son dərəcə aktualdır.

Regionda və ümumiyyətlə, postsovet məkanında gedən mühüm proseslərə toxunan dövlət başçısının Rusiyanın hərbi təcavüzünə məruz qalan Ukraynaya yönəlik mövqeyi isə haqlı olaraq Azərbaycanın müstəqil siyasət yürütməsinin bariz nümunəsi kimi qiymətləndirilir.

Öz çıxışında ölkəmizin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edən Azərbaycan Prezidenti vaxtilə Ermənistanın uzunmüddətli işğalçılıq siyasətinin hədəfi olmuş dövlətin rəhbəri kimi Ukraynaya öz tövsiyələrini də verib: “Əvvəla, bizim təcrübəmiz göstərir ki, ərazi bütövlüyünün pozulmasına əsla razılıq vermək olmaz”.

Əlbəttə, qeyd olunan tövsiyə yetərincə açıq mətnli olsa da, bu mesajın alt qatında təcrübədən qaynaqlanan mühüm çağırış da var. Bu isə ondan ibarətdir ki, Azərbaycan Prezidenti Ukraynanı Rusiyanın ilhaq etdiyi Krım və Donbas regionunun işğal faktı ilə əsla barışmamağa çağırır. Həqiqətən də, Azərbaycanın bu çərçivədə dünyaya nümayiş etdirdiyi qətiyyətin daha sonra ərazilərimizin işğaldan azad olunmasında necə böyük rol oynadığını hər kəs gördü.

Prezidentin Ukrayna ilə bağlı ikinci mesajının əsas mahiyyəti dövlətlərin kənar dəstəklərə deyil, öz imkanlarına güvənməsinin vacibliyi haqda oldu. Azərbaycan lideri burada da öz təcrübəsindən çıxış etdiyinin altını cızıb: “İkinci öyrəndiyim məsələ resurslara güvənməkdir”.

Dövlət başçısının bu tövsiyəsinin dəyəri Ukraynada savaşın hələ davam etdiyi dönəm üçün olduqca yüksəkdir. Məlum olduğu kimi, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini önləmək üçün gərəkən addımları atmayan Qərb koalisiyası təcavüzə məruz qalan ölkəyə silah yardımını da öz maraqlarına əsaslanan qrafiklə göndərir. Yəni bununla savaşın uzanmasında maraqlı olduqlarını gizlətməyən həmin dövlətlər Rusiyanı məhz bu yolla iqtisadi cəhətdən çökdürməyi düşünürlər. Savaşın uzanmasının ən ağır zərbəsi isə Ukrayna dövlətinə və xalqına dəyir.

Prezident əvvəlki iki mesajının davamı olaraq beynəlxaql qurumların “dəstək fəaliyyətləri” və onların qəbul etdikləri qərarlara güvənməməyi Ukraynaya məsləhət görüb: “Üçüncüsü, beynəlxalq təşkilatların qərar və qətnamələrinə arxalanmayın. Onların heç bir önəmi yoxdur”. Təbii, bu fikirlərin ifadəsində yenə də Azərbaycanın təqribən 28 illik təcrübəsinə istinad edilir.

Azərbaycanın ərazi bütövlüyünün dinc yolla həllinə dair çoxillik danışıqların aqibətini bilməyən yoxdur. Ermənistan üçün vaxt uzatmağa xidmət edən o danışıqlar və saysız görüşlərin heç bir nəticəsi olmadı. BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin işğaldan azad edilməsini nəzərdə 4 qətnaməsi 27 il kağız üzərində qaldı. Yekunda həmin qətnamədəki müddəaları Azərbaycan Ordusu həyata keçirərək ərazi bütövlüyümüzü bərpa etdi.

Dövlət başçısının haqqında danışılan beynəlxalq konfransındakı çıxışında İranın Azərbaycana yönəlik siyasəti haqqında da çox əhəmiyyətli fikirlər bildirilib. Prezident həmin tədbirdə iştirak və çıxış edən iranlı ekspertin ölkəmizə qarşı iddialarını çox tutarlı arqumentlərlə cavablandıraraq İranda Azərbaycan əleyhinə açıq fəaliyyət və çağırışların olduğunu diqqətə çatdırıb:

“İranda sığınacaq tapan bir çox insan var ki, müntəzəm olaraq Azərbaycana qarşı ərazi iddiaları səsləndirirlər. Aktauda Xəzəryanı ölkələrin sammiti vaxtı ozamankı Prezident Həsən Ruhani ilə görüşdə mən ona İranda yaşayan və müntəzəm olaraq media və sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı sadəcə ərazi iddiaları irəli sürməklə kifayətlənməyib, normal cəmiyyətlərdə uyğun hesab edilməyən lüğətdən istifadə edən təxminən 20 azərbaycanlıdan ibarət siyahını verdim. Biz bu insanların Gəncə şəhərində polislərə ölümcül hücumda birbaşa iştiraklarına görə Azərbaycana təhvil verilmələrini tələb etdik və bizim sübutlarımız var. Təəssüf ki, onların heç biri təhvil verilməyib”.

Prezidentin, xüsusilə bəhs olunan sonuncu açıq mətnli fikirləri Azərbaycanın bütün qonşu dövlətlərlə dinc və əməkdaşlıq şəraitində yaşamaq hazırlığını vurğulamaqla bərabər, konkret bir ölkədən bizə qarşı həyata keçirilən fəaliyyətlərə də qətiyyətlə cavab veriləcəyinin, buna səssiz qalınmayacağının konkret ifadəsi sayılmalıdır.

“Yeni Çağ” Analitik Qrupu

www.yenicag.az

3319
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv