Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyaları həmişə Azərbaycan müəlliminə örnək olub – FOTOLAR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının Heydər Əliyev Lektoriyasında Ümummilli Liderin hakimiyyətə gəlişinin 55 illiyinə həsr olunan “14 iyul 1969-cu il: tərəqqi yolunun başlanğıcı” – mövzusunda elmi diskussiya keçirilib. 

Yenicag.az xəbər verir ki, əvvəlcə Ümummilli lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirin girişində Heydər Əliyev Lektoriyasının müdiri, diskussiyanın aparıcısı Nəhayət Şirinova Ulu öndər Heydər Əliyevin zəngin və mənalı həyat yolu, tarixi missiyası, həyata keçirdiyi beynəlxalq layihələrin əhəmiyyəti, yüksək insani keyfiyyətləri, türk dünyasına bağlığı kimi istiqamətlərdən bəhs edib.

Filialın direktoru, dosent Yusif Alıyev Ümummilli liderin Heydər Əliyev təxminən yarım əsri əhatə edən siyasi fəaliyyəti, dərin mənalı ömür yolu barədə məruzə edib.

Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişini Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirən alim diqqətə çatdırıb ki, ölkəmiz keçmiş SSRİ-nin tərkibində olduğu dövrdə faktiki olaraq hərtərəfli inkişaf dövrünü Ümummilli Liderin hakimiyyəti illərində əldə edib ki, bütün bu nailiyyətlər müstəqillik illərində dövlətçiliyimiz üçün fundamental əsaslara çevrilib. 1969-cu ildən başlayaraq sənaye və kənd təsərrüfatının milli inkişaf konsepsiyası müəyyən edilib, elm və təhsil sahəsində fundamental islahatlar aparılıb, tikinti sektorunda işlər sürətlə genişləndirilib, əhalinin məşğulluğunda və sosial rifahın yüksəlişində sıçrayışlar yaranıb. Bütün sahələr üzrə milli kadrların hazırlanması prosesində strateji inkişaf hədəfləri müəyyən olunub.

Sonra şəhid Eynulla Lətifovun atası Niyətulla Lətifov və anası Gülbacı Lətifova Ulu Öndər barədə xoş sözlər ifadə ediblər.

Ümummilli lider Heydər Əliyevin Qubaya səfəri zamanı rayon zəhmətkeşləri ilə səmimi görüşünü əks etdirən fotonu filiala hədiyyə edən Gülbacı Lətifova mərhum anasının da olduğu və fotonun ailələrində ən əziz xatirə olaraq qorunduğunu bildirib. Şəhid Eynulla Lətifovun xatirələrini bölüşən ana diqqətə çatdırıb ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik və millətsevərlik ideyalarından bəhrələnib zövq alan qəhrəman övladları hər zaman vətən fədaisi kimi tanınıb. İşğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək qəhrəman şəhidin ümdə arzusu olub.

Daha sonra Əməkdar mədəniyyət işçisi Elza Orucova, Strateji işlər üzrə mütəxəssis s.e.f.d. Sabir Hacıyev, Yeni Azərbaycan Partiyasının ADPU üzrə Quba filialı Ərazi Partiya Təşkilatının sədri Zaur Muradov, filialın məsul əməkdaşları Kamal Kamalov və Lalə Beydullayeva ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, xalqı, əziz milləti və türk dünyası qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyaları hər zaman Azərbaycan müəllimi üçün örnək olub

Çıxışlarda qeyd olunub ki, əməli işləri ilə xalqın qəlbində özünə əbədi heykəl ucaldan Heydər Əliyev Ümummilli Lider statusunu tarixi xilaskarlıq missiyası ilə qazanıb. Ulu Öndərin memarlığı ilə qüdrətlənən müasir və müstəqil Azərbaycan dövləti xalqımıza olan ən böyük milli əmanətdir.

Ulu Öndər Heydər Əliyev ideyalarını böyük siyasi məharətlə həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev qüdrətli ordu quruculuğuna nail olmaqla Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olub. Rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində Azərbaycan regionda yeni geosiyasi vəziyyət yaradıb. Qazanılan bu situasiya türk dünyası başda olmaqla sülh və sabitlik tərəfdarı olan bütün tərəflər üçün inkişaf, tərəqqi və yüksəliş deməkdir.

COP29