Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ülvi Quliyev: “Azərbaycanın ÜST-lə əməkdaşlığı uğurludur və davam etdirilməlidir”

Reklam: Sinerji Pro

“Bəzi beynəlxalq təşkilatların fəaliyyəti dünya üçün mühüm əhəmiyyət kəsb edir. Onlardan biri də məhz insanların sağlamlığı ilə bağlı olduğu üçün Ümumdünya Səhiyyə Təşkilatıdır. Azərbaycan hər zaman ÜST-lə əməkdaşlığa önəm verib. Hazırda da təşkilatla əlaqələrimiz yüksək səviyyədədir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev bildirib.

Onun sözlərinə görə, COVID-19-un yayılmağa başladığı ilk gündən Azərbaycan ÜST-lə sıx əməkdaşlıq qurub.

Ü.Quliyev vurğulayıb ki, bu da təbiidir. Çünki adıçəkilən qurum dünya səhiyyəsində mövcud olan problemləri ümumiləşdirən və tövsiyələr verən əsas təşkilatdır: “Koronavirus pandemiyası bu qurumun vacibliyini bir daha təsdiqlədi. ÜST-ün həm texniki imkanları genişdir, həm də peşəkar mütəxəssisləri var.

Təşkilat zaman-zaman dünyanın müxtəlif ölkələrində infeksiyanın yayılmasına, epidemiyaya qarşı mübarizə aparıb.

Buna misal kimi son illərdə dünyanın müxtəlif ölkələrində yayılan “quş qripi”, “donuz qripi”, Ebola ilə mübarizəni göstərmək olar. Düzdür, həmin viruslar koronavirus kimi güclü olmayıb, nəticələri də daha yüngül keçib, indiki kimi dəhşətli olmayıb. Amma istənilən halda ÜST mütəxəssisləri böyük təcrübəyə malikdirlər. Azərbaycan hökuməti də bunu nəzərə alıb, pandemiyanın yayılmağa başladığı ilk günlərdə təşkilatın əməkdaşlarını ölkəmizə dəvət etdi.

Hesab edirəm ki, məhz ÜST mütəxəssislərinin verdikləri tövsiyələr əsasında vaxtında görülən tədbirlər nəticəsində iyun ayının əvvəlinədək ölkəmizdə koronavirusun geniş yayılmasının qarşısını almaq mümkün olmuşdu, yoluxanların sayı o qədər də yüksək deyildi.

Sözsüz ki, bizim öz həkimlərimiz də bu sahədə aparıcı rola malikdirlər”.

Ü.Quliyev vurğulayıb ki, ÜST dəfələrlə Azərbaycanda pandemiyaya qarşı görülən tədbirləri yüksək qiymətləndirib.

Onun fikrincə, bu səbəbsiz deyil, çünki ölkəmiz təşkilatın tövsiyələrinə əməl edir, eyni zamanda COVID-19-la mübarizədə qlobal həmrəyliyə nail olmaq üçün addımlar atır: “Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü keçirilib. Mayın 4-də isə Qoşulmama Hərəkatının sədri kimi cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan “COVID-19-a qarşı birlikdəyik” mövzusunda zirvə görüşü keçirilib. Bu videokonfransda Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus da iştirak edib.

Cənab Prezident COVID-19-la mübarizə üzrə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış edib. Bundan başqa, Azərbaycan 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bütün bunlar ÜST-nin diqqətindən yayınmayıb və təşkilatın sədri bir neçə dəfə Prezident İlham Əliyevə məktub yazaraq görülən işlərə görə təşəkkür edib”.

O deyib ki, Prezident İlham Əliyev də Azərbaycanla ÜST arasındakı əməkdaşlığı yüksək qiymətləndirib: “Cənab Prezident də bildirib ki, Azərbaycan hökuməti ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasda olub. Çünki bu təşkilat dünya miqyasında bu işlərə cavabdehlik daşıyan birinci təşkilatdır”.

Millət vəkilinin fikrincə, Azərbaycanla ÜST arasında sıx əməkdaşlıq bundan sonra da davam edəcək: “ İnsanların sağlamlığının qorunması hər zaman gündəmdə olan və böyük əhəmiyyət daşıyan məsələdir. İndi isə pandemiya dövrüdür, virus yox olmayıb və nə zaman yox olacağı da bilinmir.

Ölkəmizdə son günlər yoluxma halları artıb. Hesab edirəm ki, ÜST mütəxəssislərinin məsləhətləri bizim üçün indi daha vacibdir.

Bundan başqa, dünyada da COVID-19-un yayılması davam edir. Eyni zamanda, post-pandemiya dövrü gələcək. Bu mərhələdə də ÜST mütəxəssislərinin məsləhətlərinə ehtiyacımız olacaq. Ona görə də təşkilatla Azərbaycan arasında əməkdaşlıq davam etdirilməlidir.

Bu əməkdaşlıq hər iki tərəfin maraqlarına uyğundur”.

www.yenicag.az

501