Ümumilli lider Heydər Əliyevin xatirəsi Moskvada anıldı – FOTO

Rusiya paytaxtında Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Yenicag.az-ın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı Səfirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov, MDB İcariyyə Komitəsinin sədri Sergey Lebedev, Rusiyanın Şimali Qafqaz üzrə naziri Sergey Çebotaryov, Moskva Dumasının sədri Mixail Şapoşnikov, Rusiya prezidentinin beynəlxaql mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, xarici ölkələrin səfirləri, rusiyalı deputatlar və hər iki ölkənin tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında tədbirə gələn qonaqlara təşəkkürünü bildirib: “Bu gün burada Heydər Əliyevlə şəxsən tanışlığı olan, onunda dəfələrlə görüşən şəxslər yığışıblar. Heydər Əliyevin vəfatından artıq 15 il ötür. Ümummilli liderin 15 ildir ki, bizimlə olmadığına inanmaq çox çətindir. Heydər Əliyevin tərcümeyi-halında iki mədəniyyət naziri olub. Onlardan biri mən olmuşam. Bununla qürur duyuram. Sovetlər İttifaqı dövründə mədəniyyət nazirir Zakir Bağırov, müstəqillik dövründə isə bu vəzifəni mən icra etmişəm. Bu, olduqca çox çətin dövr idi. Sovetlər İttifaqının süqutunundan sonra respublika qonşu ölkənin aqressiyası ilə üzbəüz qalmışdı. beynəlxalq səviyyədə əlaqələri qurmaq, suveren ölkə kimi özünü tanıtmaq lazım idi. Bütün bu tədbirlər Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilib”.

Səfirin sözlərinə görə, Heydər Əliyevin rəhbərliyi altında əldə etdiyi təcrübə və biliyin qiyməti yoxdur:

“Bu 10 ili mən, dünyada heç yerdə verilməyən diplom adlandırıram. Bu, təkcə idarəetmə deyil, həm də böyük insanlıq məktəbi idi. Ona görə də, mən və onunla birgə çalışmış insanlar dahi müəllim, filosof və müdrik Heydər Əliyevin verdiyi bütün dərsləri, qaydaları həyatımızın sonuna kimi xatırlayacağıq”.

Tədbirdə çıxış edən Rusiya Federasiyasının Şimali Qafqaz üzrə naziri Sergey Çebotaryov bildirib ki, uzun müddətdir ki, ildə iki dəfə, hər ilin may və dekabr ayların özü və həmkarları Azərbaycan səfirliyinə gəlməyi şərəf bilirlər: “May ayında dahi Heydər Əliyevin doğum günü, dekabr ayında isə anım gününü qeyd etməyə toplaşırıq. Sizinlə birlikdə böyük siyasət adamının xatlrəsini yad etmək mənim üçün böyük şərəfdir”.

Heydər Əliyevin Moskvadakı fəaliyyətindən danışan rusiyalı nazir onun Sovetlər İttifaqının daxili siyasətinin əsas istiqamətlərinə cavabdeh olduğunu xatırladıb: “Heydər Əliyev BAM-ın (Baykal Amur Magistralı-red) tikintisinə cavabdeh şəxs olub. Mən, özüm Uzaq Şərqdənəm. Bunun nə olduğunu bilirəm. Sovetlər İttifaqı dağılandan sonra 90-cı illərdə Rusiyada bu tikintini hamı pisləyirdi, ona gülürdülər. Lakin indi zaman göstərir ki, Sovet hakimiyyəti və Heydər Əliyev nə qədər müdrik və gələcəyə strateji baxan insan olub. İndi yenə də BAM-a kapitallar ayrılır. BAM modernləşdirilir ki, bu dəmir yolu Uzaq Şərqin və ümumulikdə Rusiyanın iqtisadiyyatının inkişafına yardım etsin”.

Rusiyalı nazir bu gün Azərbaycanın çiçəklənməsinin Heydər Əliyevin xidməti olduğunu vurğulayıb: “Heydər Əliyev ən çətin vaxtlarda məsuliyyəti öz üzərinə götürərək ölkəyə rəhbərlik etdi. Respublikanın inkişafı üçün strateji prioritetləri müəyyən etdi. Bu gün Şimali Qafqazda Heydər Əliyevin abidəsinin, onun adına küçə və xiyabanların olması qürurvericidir. Dərbəndin mərkəzi küçələrindən biri Heydər Əliyevin adını daşıyır. Bu ad bizi birləşdirir. Hesab edirəm ki, Dərbənd Heydər Əliyevin adının veriliyi sonuncu şəhər və küçə deyil”.

MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də çıxışında Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. O, Heydər Əliyevin xatirəsinin bütün MDB məkanında ehtiramla anıldığını söyləyib: “Rusiyada Azərbaycan diasporunun nümayəndələri və MDB ölkələrinin səfirləri hər il iki dəfə may və dekabr aylarında Azərbaycan xalqının dahi liderinin xatirəsini anırlar. Heydər Əliyev təkcə Azərbaycan xalqının dahi lideri deyil, o həm də Sovetlər İttifaqında böyük hörmətə layiq məşhur dövlət xadimi olub”.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy Heydər Əliyevin Sovetlər İttifaqı üçün gördüyü işləri xatırladıb: “O, SSRİ kimi nəhəng ölkəin siyasətini müəyyən edən adamlardan biri olub. Heydər Əliyev hər şeydən öncə, Azərbaycanı xilas edən insandır. Bu gün Azərbaycan İlham Əliyevin rəhbərliyi altında çiçəklənin ölkəyə çevrilib. Aydındır ki, bu çiçəklənmənin əsasını Heydər Əliyev qoyub”.

Daha sonra tədbirdə çıxış edən Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov, tanınmış dövlət xadimi, diplomat Aleksandr Zasoxov, Qərbi Sibirdə neft-qaz komleksinin yaradıcılarından biri olan Gennadi Şmal və digər natiqlər ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrini bölüşərək, dahi insanın Azərbaycan-Rusiya münasibətlərinin inkişafının tarixində mühüm iz qoyduğunu vurğulayıblar.

COP29