Universitetlər Bakıdan köçürüləcək? – AÇIQLAMA

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında paytaxda bir neçə universitetin ixtisaslaşmış vahid bir şəhərcikdə yerləşdirilməsi və yaxud mövcud universitetlərdən birinin tamamilə yeni bir yerə köçürülməsi proqnozlaşdırılır. Qeyd edilib ki, hazırda müxtəlif modellər müzakirə edilir.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov “Unikal”a açıqlamasında bildirib ki, Bakının Baş planında da bu məsələ var. Onun sözlərinə görə, burada söhbət bütün universitetlərin köçürülməsindən getmir:

“Burada bir universitetin köçürülməsindən bəhs olunur. Bakıdan universitetlərin köçürülməsi fikri ilə tam razı deyiləm. Düşünmürəm ki, paytxatda olan bütün universitetlər köçürülməlidir. Təhsil müəssisələri hər bir ölkənin və şəhərin mədəni mühitinin formalaşmasında mühüm rol oynayır. Bu mənada hansısa universitet köçürülə bilər. Azərbaycanda hazırkı vəziyyətdə eyni ixtisaslar üzrə təhsil verən bir neçə universitetin birləşdirilməsi məsələsi nəzərdən keçirilə bilər. Bakıdakı bəzi universitetlər demək olar ki, eyni ixtisaslar üzrə tələbə məzun edir. Belə olan halda bir-birini təkrarlayan ixtisaslar üzrə tələbə yetişdirən universitetlərin bu formada fəaliyyətinə ehtiyac yoxdur”.

Deputat qeyd edib ki, digər iri şəhərlərdə universitetin açılmasına və bölgələrdə yerləşən ali məktəblərə qəbulu artırmaq lazımdır: “Gənclərin bölgələrdə oxuması təşviq olunmalıdır. Məsələn, bu gün Lənkəranda universitet var, amma buradan xeyli sayda gənc Bakıda təhsil alır. Və ya Bakıda vaxtilə 5-6 min tələbəsi olan universitetin hazırda 20 min tələbəsi var. Buna nə ehtiyac var? Hesab edirəm ki, bu artımları bölgələrdə həyata keçirməliyik. İri şəhərlərin hansında ki, universitet yoxdur, orada açılmalıdır və gənclərin orada təhsil almasını təşviq etməliyik. Problemin kökü odur ki, vaxtilə Bakıda 5-10 min tələbə üçün nəzərdə tutulan universitet hazırda daha çox sayda tələbə qəbul edir. Qəbulu daha çox bölgələrdəki universitetlərə yönləndirməliyik. Universitetlərin bəzi filialları var ki, onlar artıq universitetlərə çevirilməlidir”.

COP29