Universitetlərdən daha bahalı özəl orta məktəblər – 70 min manat civarında illik təhsil haqqı… – VİDEO

Özəl orta məktəblərdə illik təhsil haqqının yüksək məbləği ilə tədrisin keyfiyyəti arasında uyğunluq problemi öz aktuallığını saxlayır.

Yeni dərs ilinin başlanması ərəfəsində valideynlər övladları üçün daha keyfiyyətli təhsil verən məktəb axtarışına çıxırlar. Bəzi valideynlər dövlət məktəblərindən fərqli olaraq, özəl orta məktəblərdə tədrisin keyfiyyətinin yüksək olduğunu əsas götürərək, övladlarının məhz həmin təhsil müəssisələrində biliklərə yiyələnmələrinə üstünlük verirlər.

Lakin maddi səbəblərə görə heç də bütün ailələr övladlarını həmin məktəblərdə oxutdurmaq imkanında deyillər. Heç kəsə sirr deyil ki, özəl orta məktəblər illik təhsil haqqının səviyyəsi baxımından, hətta bır sıra universitetləri də geridə qoyurlar. Bununla belə, seçimlərini qeyri-dövlət təhsil müəssisələrinin üzərində saxlayan bəzi valideynlər nəyinn bahasına olursa-olsun, övladlarını özəl məktəblərə yerləşdirməyə çalışırlar.

Yenicag.az özəl məktəblərə yönəlik tələbatı nəzərə alaraq, Bakıda fəaliyyət göstərən qeyri-dövlət orta təhsil müəssisələrində illik təhsil haqqı və qəbul şərtlərinə yönəlik araşdırmanı təqdim edir.

“The International School of Azerbaijan”

Bu məktəbdə təhsil bağça yaşından başlayır. Məktəbə hazırlıq üçün 11 min dollar ödəniş edilməlidir. 1-9-cu siniflər üzrə illik təhsil haqqı 34 min dollar təşkil edir. 9-cu sinifdən yuxarı şagirdlər üçün təhsil haqqı isə təqribən 40 min dollardır.

Bakı İstedadlar və Təhsil Kompleksi (BİTK)

Bu məktəbdə tədris ingilis dilində aparılır. Məktəbdə ibtidai siniflər üçün illik təhsil haqqı 14 min 900 manat, yuxarı siniflər üçün isə 15 min 900 manatdır. Kompleksdə güzəştli təhsil haqqı hüququndan yalnız Dövlət Neft Şirkəti əməkdaşlarının övladları yararlana bilirlər.

Azərbaycan Britaniya Kolleci (Azərbaijan British College)

Kollecdə ibtidai təhsil üzrə illik təhsil haqqı 15 min 400 manat, orta təhsil üzrə isə 16 min 500 manat təşkil edir.

Bakı Fransız Liseyi Təhsil Kompleksi

Kompleksdə ibtidai siniflərdə təhsil haqqı 13 min, aylıq isə 1 300 manatdır. Yuxarı siniflər üçün illik təhsil haqqı illik 14 min manat olduğu halda, aylıq 1 400 manat təşkil edir.

Bakı Oksford Məktəbi

Bu məktəbə qəbul olmaq istəyənlər mütləq ingilis dilindən test imtahanı verməlidirlər – çünki orada təhsil ingilis dilindədir. Əlavə dil kimi, şagirdin seçiminə uyğun qaydada fransız və ya alman dili tədris olunur. Təhsil müddəti 12 ildir. Məktəbdə illik təhsil haqqı 11 min 800 – 14 min 160 manat aralığında dəyişir.

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi

Kompleksdə təhsil almaq üçün hər il ən azı 9 min 500 manat ödəniş edilməlidir. Azərbaycan və rus bölmələrində illik təhsil haqqı 9 min 500 manat, ingilis bölməsi üçün 12 min manat təşkil edir. Eyni ailədən olan uşaq sayına uyğun olaraq, müəyyən güzəştlər edilir. İllik ödənişə şagirdlər üçün nəqliyyat xidməti daxil deyil. Bunun üçün valideynlər hər ay əlavə 120 manat ödəməlidirlər. Kompleksin rəsmi saytında qeyd olunur ki, şagirdlər vahid məktəbli forması geyinməlidirlər və bu forma da əlavə ödəniş əsasında məktəb tərəfindən verilir.

“XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi

Mərkəzdə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Tədris prosesi bütün şagirdlər üçün eyni proqram əsasında təşkil olunur. İbtidai siniflərdə orta uşaq sayı 12-14 nəfərdir. Azərbaycan bölməsi üzrə illik təhsil haqqı 8 min manat, rus bölməsi üzrə 10 min, ingilis dili üzrə isə 12 min manat təşkil edir.

“Oxbridge Academy”

Akademiyada 1-ci sinifdən başlayaraq 6-cı sinfə qədər (6-cı sinif də daxil olmaqla) illik təhsil haqqı 6 min 500 dollardır. 7, 8, 9-cu siniflər üzrə 7 500 dollar, 10 və 11-ci siniflər üzrə 8 500 dollar, 12,13-cu siniflər isə 10 500 dollar təşkil edir.

Xəzər Universitetinin “Dünya məktəbi”

Bu məktəbdə tədris Azərbaycan, rus və ingilis dillərindədir. Məktəbdə xarici dil qismində ingilis və rus dillərindən əlavə, alman və çin dilləri də tədris olunur.
2019-2020-ci tədris ilindən etibarən, məktəbdə təhsil alan şagirdlərin illik təhsil haqqı Azərbaycan və rus bölmələri üçün 1-8-ci siniflər üzrə 8 min manat, 9-11-ci siniflər üzrə 8 min 500 manat, ingilis dili bölməsi üçün 1-4-cü siniflər üzrə 9 min 500 manat, 5-9-cu siniflər üzrə 11 min manat müəyyən edilib. Təhsil haqqı birdəfəlik, iki hissəli və ya aylıq qrafiklə ödənilir. Ödəniş növünə uyğun olaraq, müəyyən güzəştlər tətbiq edilir. Təhsil haqqına məktəbli forması, dərsliklər, nəqliyyat və dərnəklərdə iştirak xərcləri daxil deyil. Bu xərclər valideynlər tərəfindən əlavə olaraq ödənilir.

Avropa Azərbaycan Məktəbi (EAS)

Bu məktəb üç təhsil bölməsindən ibarətdir. Məktəbəqədər hazırlıq üzrə 7 min 250 manat, 1-4-cü siniflər üzrə 9 min 950 manat (xarici vətəndaşların övladları üçün 12 min 500 manat), 5-9-cu siniflər üzrə 12 min manat (xarici vətəndaşların övladları üçün 14 min manat), 10-11 siniflər üzrə 14 min manat (xarici vətəndaşların övladları üçün 15 min 500 manat) təhsil haqqı ödəmək lazımdır. Təhsil haqqı birdəfəlik, iki hissəli və ya aylıq ödəniş əsasında qəbul olunur. Ödəniş növündən asılı olaraq, müəyyən güzəştlər tətbiq edilir. Təhsil haqqı ödənişinə 1 dəst məktəbli forması, dərsliklər, həmçinin məktəbin yeməkxanasında səhər və günorta yeməkləri daxildir.

Kaspi Liseyi

Liseydə tədris Azərbaycan və rus dilində aparılır. Tədris müddətində ikinci dil olaraq, ingilis dilinə üstünlük verilir. Azərbaycan bölməsi üçün 1-4-cü siniflər üzrə illik təhsil haqqı 6 min 500 manat, 5-11-ci siniflər üzrə 7 min manat təşkil edir. Rus bölməsi üçün illik təhsil haqqı 1-4-cü siniflər üzrə 7 min 200 manat, 5-8-ci siniflər üzrə 7 min 700 manatdır. Ödənişlərlə bağlı müəyyən güzəştlər mövcuddur. Təhsil haqqı birdəfəyə ödənilərsə, bu zaman məbləğə 250 manat endirim edilir. Məktəbə eyni ailədən 1-dən artıq uşaq qəbul olunarsa, təhsil haqqının 10, 20, 30 və 40 faizi nisbətində güzəşt olunur. Şagird “Kaspi Kids” məktəbəqədər hazırlığını müvəffəqiyyətlə tamamlayıbsa (ən azı 7 ay oxumalıdır), bu zaman 250 manat güzəşt nəzərdə tutulur. Təhsil haqqına məktəbli forması, kitablar, nahar, dərsdənkənar məşğələ və dərnəklər, 11-ci siniflər üçün saat 20:00-dək dərs hazırlığı daxildir.

Hədəf Liseyi

Liseydə tədris Azərbaycan və rus dilində aparılır. Azərbaycan bölməsi üçün 1-4-cü siniflər üzrə illik təhsil haqqı 7050 manat, 5-11-ci siniflər üzrə 8050 manat təşkil edir. Rus bölməsi üçün 1-4-cü siniflər üzrə illik təhsil haqqı 7450 manat, 5-11-ci siniflər üzrə 8450 manatdır. Ödənişlərlə bağlı müəyyən güzəştlər mövcuddur. Ümumi Təhsil Haqqının illik birdəfəlik ödəniş edildikdə 10 %, Şəhid övladına 30 %, Qazi övladına isə 20 % güzəşt nəzərdə tutulur. Eyni zamanda bir ailədən birdən çox uşaq müraciət edərsə, endirimlər ödəmə şərtlərinə uyğun olaraq müəyyən edilir.

“SABIS SUN International School”

Bu məktəb kompleksində təhsil ingilis dilində aparılır. Yaşı 3-dən 18-ə qədər və daha yuxarı yaşda olan şagirdlərə hərtərəfli, beynəlxalq yönümlü, universitetə hazırlığı nəzərdə tutan və ingilis dili, riyaziyyat, təbiət elmləri, dünya dilləri kimi vacib fənlərin tədrisinin əsas götürüldüyü tədris planı təklif edilir. Məktəb bağça və orta məktəbdən ibarətdir. İbtidai təhsil üzrə illik təhsil haqqı 11 min 500 manat, orta təhsil üzrə illik təhsil haqqı isə 11 min 900 manat təşkil edir.

“İdrak” məktəb-liseyi

Lisey təhsilin məktəbəqədər və orta ümumtəhsil pillələrini əhatə edir. Məktəbdə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Şagirdlər gün ərzində 3 dəfə yeməkxanada yeməklə təmin olunurlar. Valideynlər gün ərzində saat 09:30-dan 13:30-a qədər onlayn kameralar vasitəsilə dərs prosesini izləmək imkanına malikdirlər. Liseydə illik təhsil haqqı 1-9-cu siniflər üçün 7 min manat, 10-11-ci siniflər üçün 8 min 500 manatdır. Sumqayıt filialında isə illik təhsil haqqı 4 min manat təşkil edir.

Bakı Atatürk Liseyi

Liseydə 1-ci il üçün illik təhsil haqqı 2 min manat, növbəti ildən isə 1000 manat təşkil edir. Məktəbdə tədris 3 hissəyə bölünür: 1-ci sinifdən 5-ci sinfə qədər, 5-ci sinifdən 8-ci sinfə qədər, 9-cu sinifdən 11-ci sinfə qədər. Təhsil haqqı dövrlər üzrə bağlanan müqaviləyə əsasən, müəyyənləşir.

Özəl orta məktəblər arasında təhsilin keyfiyyəti və qiymətinə görə rəqabət əsasən, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Xəzər Universitetinin “Dünya məktəbi”, Bakı Modern Təhsil Kompleksi, Bakı Oksford Məktəbi (Baku-Oxford School), Avropa Azərbaycan Məktəbi və “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzini əhatə edir.

Göründüyü kimi, özəl orta məktəblərdə təhsil əksər valideynlər üçün əlçatmaz dərəcədə yüksəkdir. Lakin buna baxmayaraq, övladlarını həmin məktəblərə yerləşdirmək üçün minimum maddi imkanlara malik valideynlər də özlərini “sıxmaq” hesabına olsa belə, uşaqlarının gələcəyi naminə o addımı atırlar.

Özəl orta məktəblərdə təhsil haqqı və tədrisin keyfiyyəti haqda Yenicag.az-a danışan ekspert Elçin Əfəndinin fikrincə, valideynlərin seçimi həmin təhsil müəssisələrində rəqabət mühitinin formalaşmasına birbaşa təsir göstərir.

Mövzuya həsr olunmuş videomaterialı təqdim edirik:

 

Gülşən Şərif

COP29