Universitetlərin Nardarana köçürülməsi nə qədər məntiqlidir? – Şərh

nardaranpiriMəhərrəm Zülfüqarlı: “Bəzi ali təhsil ocaqlarının Nardaranda yerləşdirilməsi qəsəbədə yayılmış radikal dini düşüncələrin aradan qaldırılmasına kömək etmiş olacaq”

Uzun müddətdir ki, Bakının mərkəzində yerləşən ali təhsil ocaqlarının şəhərətrafı qəsəbələrə köçürülməsi məsələsi gündəmdə olsa da, bu günə qədər məsələ reallaşmamış qalır. Lakin Modern.az saytının hökumətdəki mənbələrə istinadən yaydığı məlumata görə, universitetlərin Bakıətrafı qəsəbələrə köçürülməsilə bağlı sənədin hazırlanması yekunlaşmaq üzrədir. Verilən məlumatda o da göstərilir ki, universitetlərin bir neçəsi Maştağa-Nardaran qəsəbəsi istiqamətinə köçürüləcək.

Hansı ki, bu günlərdə hüquq-mühafizə orqanlarının qanunçuluğun müdafiəsi istiqamətində xüsusi əməliyyat həyata keçirdikləri Nardaran qəsəbəsi radikal dini ekstremist düşüncəli qüvvələrin məskəninə çevrilmişdi. Belədə qəsəbə həmin qüvvələrin təsiri altında idi və bu təsir müəyyən dərəcədə olsa da hələ də qalmaqdadır.

Bu fonda universitetlərdən bəzilərinin Nardarana köçürülməsi baş verərsə, görəsən, bu nə dərəcədə məntiqlidir?

Təhsil məsələləri üzrə ekspert Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında bildirdi ki, ali təhsil müəssisələrinin bəzilərinin Nardaran kimi qəsəbəyə köçürülməsinin burada mövcud olan radikal dini düşüncənin iflasa uğramasına gətirib çıxaracağına əmindir. Ona görə də, həmsöhbətimiz universitetlərin bir neçəsinin sözügedən əraziyə köçürülməsinə müsbət yanaşdığını söylədi: “Bildiyimə görə şəhər mərkəzindəki bəzi universitetlər Qobu qəsəbəsinə köçürüləcək.  Amma Bakıətrafı qəsəbələrə də köçürülə bilərlər.  Bir sıra universitetlərin dini radikallığın olduğu Nardarana tərəfə köçürülə biləcəyinə gəldikdə,  deməliyəm ki, bu qəsəbədə elə bir təhlükəli məsələ yoxdur. Əksinə, qəsəbə kənarda qaldığına, burada sosial problemlər yaşandığına görə radikallıq əmələ gəlib.  Fikrimcə, Nardaranda  gələcəkdə yeni obyektlərin tikilməsi, ali təhsil ocağlarının bəzilərinin ora köçürülməsi  həmin qəsəbədə yeni iş yerlərinin açılmasına  və belədə radikallığın da aradan qaldırılmasına kömək edə bilər. Ona görə də bəzi universitetlərin şəhər mərkəzindən məhz Nardarana köçürülməsi fikrinə münasibətim müsbətdir.  Nardaran da bizimdir,  oradakı əhali də Azərbaycan vətəndaşlarıdır.  Sadəcə olaraq, sosial problemlər olanda radikal qüvvələr üçün də münbit şərait yaranır.  Lakin burada mədəniyyət obyektlərinin salınması, universitelərin yerləşdirilməsi qəsəbədəki insanların işlə təmin olmalarına da kömək etmiş olacaq.  Bir sözlə, fikrim ondan ibarətdir ki, ölkə vətəndaşlarının işlə təmin olunması, onun ailə vəziyyətinin yaxşılaşması radikal düşüncələrin aradan qaldırılmasına kömək edə bilər. Ona görə də düşünürəm ki, bəzi ali təhsil ocaqlarının Nardaranda yerləşdirilməsi burada yayılmış radikal dini düşüncələrin aradan qaldırılmasına kömək etmiş olacaq. Özünə qapanan, inteqrasiyanın getmədiyi  yerlərdə radikal qüvvələr həmişə geniş əl-qol açmaq imkanı qazanır.  Amma universitetlərin orada salınması kənd camaatının da cəmiyyətə inteqrasiya etməsinə və belədə qəsəbədə müsbət keyfiyyətlərin də kök salmasına münbit  şərait yaradar”.

ELÇİN