“Bu gün minlərlə Azərbaycan gəncinin ən böyük həyati səhvi bəlkə də ali təhsil müəssisəsinə qəbul olmaqdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında məqsədsiz və hədəfsiz ali təhsil və valideynlərin övladlarına universitet diqtəsi barədə danışan Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib.
Onun sözlərinə görə, bizim artıq təhsil anlayışına olan baxışımız dəyişməli, yenilənməlidir:
“Bu, həm orta ümumtəhsil, həm də ali təhsillə bağlı olmalıdır. Hər iki təhsil metodu, pilləsi ilə bağlı bizim baxışlarımızda ciddi şəkildə dəyişiklik olmalıdır. Təhsili onun missiyası və fəlsəfəsi istiqamətini anlamalıyıq. Uzun illər universitetin əsas işinin insana dünya görüşü vermək olduğunu deyirdilər. Niyə? Axı universitetin elə bir missiyası mövcud deyil. İnsana dünyagörüşü bəxş edən onun şəxsiyyət mexanizmlərinin prinsiplərinə əsasən formalaşdıran 7 dən 17-yə 10 illik bir etapda onu fərdən şəxsiyyətə doğru inkişaf etdirən pillə orta ümumtəhsil pilləsidir və orta ümum təhsil pilləsinin missiyası və aliliyi ali təhsildən dəfələrlə çoxdur. Universitetin isə iki istiqaməti var. Birincisi, əmək bazarına müəyyən ixtisaslar üzrə kadr bazasının formalaşması, ikincisi, akademik pillə üzrə bir tramplin və elmi istiqamət üzrə ilkin mərhələdir. Universiteti yalnız bu iki istiqamət üzrə dəyərləndirmək olar. Yoxsa ki, “mən universitet oxumadım”, “övladım univerisitet təhsili görmədi, “o həyat üçün yararsızdır” ifadəsi kökündən yanlışdır”.
E.Nuri qeyd edib ki, bu gün universitetə baxışımız özünü bir çox istiqamətdə mənfi tərəfdən göstərib:
“Bu, universitetin az qala bütləşdirilməsi, onun həyati faktor halına çevrilməsi bu gün neyromarketinqin əsas prinsiplərindən birinə çevrilib. Universitet bu gün neyromarketinq üçün çox böyük predmetdir. Baxın, universitetin vazkeçilməzliyini, “ali təhsilsiz olmasa olmaz” düşüncəsini özünə bayraq edən yüzlərlə valideyn illərdir ki, repititor bazarının inkişafına şərait yaradırlar. İllərdir bu istiqamətdə hazırlıq kursları, böyük pullar qazanır. Məqsədimiz kiminsə pulunu saymaq deyil. Hər halda, xidmət göstərən müəssisə, insan pul da qazanmalıdır. Lakin bu niyə neyromarketinq istiqamətində olmalıdır? Axı valideynlər niyə universitetsiz həyatı az qala itirilmiş həyat kimi qəbul edirlər? Bu gün elə olar bilər ki, univeristetə qəbul olmaq belə insanın, gəncin ən böyük həyati səhvi ola bilər”.
Ekspert vurğulayıb ki, bu günləri minlərlə Azərbaycan gəncinin ən böyük həyati səhvi bəlkə də ali təhsil müəssisəsinə qəbul olmaqdır:
“Çünki o bir çox istiqamətdə-peşə, idman, musiqi istiqamətində çox böyük bacarıq sahibidir. Əmək bazarının çox böyük ehtiyac duyduğu avtomobil təmiri, kompüter təmiri istiqamətində gözəl potensiala malikdir, amma cəmiyyətin, ailənin diqtəsi onu məcbur edir ki, iki il repititor hazırlığına gedərək, sonda istəmədiyi bir ixtisasa qəbul olub kiminsə yerini tutsun və 4 ilini havayı xərcləsin. Bu gün universitet auditoriyamızda öz gələcək hədəflərini unudan, öz istəyindən tamamilə kənarda olan on minlərlə gəncimiz var. Mən bəzən universitetlərdə də oluram. Çoxunun gözündə işıq görmürəm. Tələbə var ki, 600 baldan yüksək bal toplayıb, amma xoşbəxt deyil, çünki istədiyi yerdə deyil. Amma bu gün cəmiyyətin, valideynin diqtəsi onu məcbur edir ki, prestijli ixtisasda oxusun. Düşünürəm ki, biz bu yanaşmadan əl çəkməliyik”.
Mütəxəssis əlavə edib ki, bu gün dünyanın bir çox ölkələrində artıq peşə təhsilinə daha çox önəm verir:
“Bu gün dünyanın bir çox ölkələrində artıq peşə təhsilinə daha çox önəm verir. Bir çox ölkədə peşə təhsilinə meyllənmə trendi yaranıb. Hətta ali təhsillilərdə peşə təhsilinə önəm verirlər. Çünki bunu tətbiq mexanizmi var, buradakı seçim insanın həyatdakı missiyasına daha yaxındır. Tələb və təklif prinsipi bu ixtisasa daha yaxındır. Cəmiyyətə də bu istiqamətdə daha çox yardımçı olacağını anlayır. Yaxşı olar ki, valideynlərlə bağlı müəyyən işlər görülsün. Elm və Təhsil Nazirliyi xüsusilə yuxarı siniflərdə oxuyan şagirdlərin valideynləri arasında maarifləndirmə işlərinin görülməsi ilə bağlı tədbirlər həyata keçirsin. DİM-in müxtəlif yerlərdə abituriyent məsləhət mərkəzləri var. Abituriyentə hansı ixtisasın seçilməsi ilə bağlı məsləhət vermək işin asan tərəfidir. İşin ən vacib tərəfi isə abituriyent bunu həyatında necə tətbiq etməsi istiqamətidir. Biz universitet mifini dağıtmalıyıq. Universiteti hədəf kimi deyil, onu mif kimi qəbul edəndə bizim təhsilimiz hələ çox itirəcək”.
İsmayıl Bakuvi