Ünvanlı sosial yardım: kiminin ümid, kiminin gəlir yeri… – PROBLEM

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov haqqın.az saytına müsahibəsində işləməyən ailə üzvlərinin sosial yardım almaq hüquqlarının olmadığını bəyan edib:

“Ölkədə orta aylıq əməkhaqqı 522 manatdır. Tutaq ki, ailə 5 nəfərdən ibarətdir. Bu ailənin minimal ehtiyac zənbili 580 manatdır. Əgər ailə başçısı 522 manat qazanırsa, o zaman ailəsinin minimal ehtiyaclarını təmin edə bilməz və deməli, bu ailənin ünvanlı yardım üçün müraciət etmək hüququ var, elə deyilmi? Lakin biz ailələrin yardım üçün müraciət etmək hüququnu məhdudlaşdırmalıyıq. Məsələn, ailə 8 nəfərdən ibarətdir, onlardan 5-i əmək qabiliyyətlidir. Lakin işləmək istəmirlər, sosial yardım tələb edirlər”. Sual olunur, niyə?

S. Müslümovun bu açıqlamasını Yenicag.az-a şərh edən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli naziri yuxarıdakı fikirləri səsləndirməkdənsə, sosial yardım almaq sahəsində mövcud olan neqativ halların aradan qaldırılması üzərində düşünməyə çağırdı :

“Sosial yardım almaq üçün şərtlər mövcuddur. Səlim Müslümov verdiyi açıqlama ilə bu məsələnin bir qədər ana fəlsəfəsindən bəhs edib. İşləməyən əhalinin başqa problemləri var ki, o da işlə təmin olunmamaq problemidir. 5 nəfərlik ailə işlə təmin edilə bilmirsə, normal ölkələrdə dövlət onları qeydiyyata alaraq, iş tapana qədər yardım göstərir. Amma məsələ ondadır ki, ünvanlı sosial yardım (ÜSY) ailənin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə seçilən yardım layihəsidir. Bu layihə də S. Müslümovun qeyd etdiyi baxımdan problemli deyil. Bu gün ölkədə sosial yardım yalnız işləyən əhaliyə verilir. Azərbaycanda işləməyən əhaliyə sosial yardım verilmir. Bu da əslində, anormallığın bir növüdür. Nəyə görə işləyən əhaliyə verilməli, işləməyənlərə isə verilməməlidir? Söhbət ondan gedir ki, S. Müslümovun yardım məsələsində qeyd etdiyi problem mövcud deyil. Ailədə 5 nəfər işləmirsə və sosial yardım üçün müraciət edirsə, qaydalara görə onlara ÜSY-dan imtina olunur. Bax, bu, artıq sözdür.

Lakin məsələ ondadır ki, ÜSY verilməsində bu günə qədər təkmilləşdirmə aparılsa da, elektron müraciət forması seçilsə də, hazırda sosial yardım alan ailələrin böyük əksəriyyətinin ona ehtiyacı yoxdur. Ünvanlı sosial yardım belə demək mümkünsə, ünvanına çatmayıb. Həmin yardımlara gəlir mənbəyi kimi yanaşırlar. İmkanı olan elə ailələr var ki, həmin yardımın yarısını onu təyin edən qurumların məmurlarına verməklə digər yarısını mənimsəyirlər.
Əslində, S. Müslümov məhz bu kimi neqativ halların qarşısını almaq üzərində düşünməli, sosial yardıma həqiqətən ehtiyacı olanların ondan yararlanmasına nail olmağın yollarını axtarmalıdır. Ona görə də mətbuata verdiyi müsahibəsində dediyi sözlər artıqdır. Əslində, qanuni olaraq həmin məsələ ÜSY almağa dair mövcud qaydalarla tənzimlənir”.

ELÇİN

COP29