“Ünvanlı sosial yardımın ləğvi Konstitusiyaya ziddir” – EKSPERT

Yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğvi nəzərdə tutulur. Bununla bağlı ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. Bu proqramların icrası məqsədilə ötən il özünüməşğulluq sisteminə keçidlə bağlı proqramların icrasına 6 milyon manat ayrılmışdı və bu proqramların icrası 8 minə yaxın insanı əhatə edib”.

Bu fikirləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Məclisdə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Məsələni Yenicag.az-a şərh edən iqtisadçı-ekspert Natiq Cəfərli bildirdi ki, sosial yardımların ləğv edilməsi Konstitusiyanın sosial dövlət anlayışı ilə daban-dabana ziddir:

“Hətta ən qatı kapitalist ölkəsi olan ABŞ-da belə sosial proqramlar mövcuddur. Sadəcə, orada sosial müdafiə məsələlərində iştirak etmək üçün dövlətlə paralel özəl sektora da şərait yaradılıb. Dövlətin də aztəminatlı ailələr qarşısında öhdəliyi var. Avropa ölkələrində də eyni qaydalar fəaliyyət göstərir. Ona görə sosial yardımlardan tamamilə imtina etmək doğru yanaşma deyil, Konstitusiyanın sözügedən müddəasına ziddir. Sosial yardımların ləğvini o zaman anlamaq olar ki, fəlsəfi ifadə ilə desək “insanlara balıq verməkdənsə, balıq tutmağı öyrətmək yaxşıdır”. Ölkədə elə bir şərait yaradılmalıdır ki, sosial müdafiəyə ehtiyac olan insanların sayı azalsın. Ölkədə səhhəti ilə bağlı işləyə bilməyən, ixtisası üzrə iş tapa bilməyərək, sosial vəziyyəti ağırlaşan insanlar var. Məhz bu cür şəxslər dövlətin çiynində və məsuliyyətində olmalıdır. Ona görə də sosial yardımların tamamilə ləğv olunacağı fikrini anlamıram. Belə olarsa, əngəlli insanlarla bağlı hansı qərarlar veriləcək, onların sosial müdafiəsi necə təşkil olunacaq? Sosial yardımlarla bağlı neqativ hadisələr olubsa, onun aradan qaldırılması yönündə addımlar atmaq lazımdır ki, qeyri-qanuni şəkildə, rüşvət müqabilində sosial müdafiəyə ehtiyacı olmayanlar onu ala bilməsinlər. Amma sosial yardımların tamamilə aradan qaldırılmasını söyləmək, bu, doğru yanaşma deyil. Bütün ölkələrdə daim belə kateqoriyalı insanların qayğıya ehtiyacı var”.

Deputat Vahid Əhmədovun məsələyə münasibəti isə müsbət olub. O, qeyd edib ki, atılan addım həm yeni iş yerlərinin açılmasına, həm də insanların iş səviyyəsinin artmasına səbəb olacaq:

“Belə bir fikrin yürüdülməsini təmamilə müsbət qiymətləndirirəm. Çünki ünvanlı sosial yardım insanlarda kiməsə möhtac olmaq prinsipinin yaranmasına, onlarda iş ruhunun aşağı düşməsinə səbəb olur. Həmin şəxslər dövlətdən müəyyən məbləğdə aldıqları pulla dolanacaqlarını düşünərək hərəkət edirlər. Bunun üçün də bu cür halların qarşısını almaq məqsədilə yeni iş yerləri açmaq, onlara normal maaş vermək lazımdır. Həmçinin, bununla bağlı ölkə başçısı xüsusi sərəncam da imzalayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə proqramın təşkili üçün təxminən 6 milyona yaxın vəsait ayırıb. Bu da həmin insanların müxtəlif peşələrdə işləməsinə şəraitin yaradılması deməkdir. Təbii ki, belə olan təqdirdə ünvanlı sosial yardıma olan ehtiyac tədricən azalmağa başlayacaq”.

Elçin
Elvin Paşazadə

COP29