“USAİD-in Azərbaycanda fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”

Azərbaycan 2023-cü ildə öz suverenliyini bərpa etdiyinə görə ABŞ tərəfindən 907-ci düzəlişlə “cəzalandırıldı”.

Yenicag.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 16-da gürcüstanlı həmkarı Maka Boçorişvili ilə Bakıda keçirilən birgə mətbuat konfransında jurnalistlərin sualını cavablandırarkən deyib.

“2023-cü ilin sentyabr ayında Azərbaycan 23 saatlıq antiterror əməliyyatı keçirərək suverenliyini bərpa etdi. Bundan qısa müddət sonra biz ABŞ-dən beynəlxalq hüquqla uzlaşmayan hücumun şahidi olduq. 1992-ci ildə qəbul edilmiş azadlığa dəstək aktına 907-ci düzəliş adlı bir sanksiya sənədi mövcud idi və onun Azərbaycana aid hissəsi uzun illər idi ki, dayandırılırdı. Ancaq sonuncu dəfə bu dayandırılma baş vermədi və 20 il sonra sırf Azərbaycan suverenliyini bərpa etdiyi üçün bir növ “cəzalandırıldı”,- XİN başçısı əlavə edib.

XİN başçısı vurğulayıb ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-nin maraqlarının icrasına xidmət edirdi:

“Azərbaycan tərəfi hər şeyə rəğmən dedi ki, əgər ABŞ Azərbaycana yardım etməkdə maraqlıdırsa, həmin yardımlar rəsmi şəkildə bütün şəffaflıqları özündə əks etdirməlidir”.

Nazir bəyan edib ki, USAİD-in 2024-cü il 1 iyul tarixindən Azərbaycanda fəaliyyət göstərməsi de-yure mümkün deyil.

O xatırladıb ki, 2000-сi ildən çərçivə sənədi mövcud idi:

“Biz o sənədin müddəalarını və son illər ərzində icranın necə baş verdiyini təftiş etdik. Məlum oldu ki, onların fəaliyyəti Azərbaycanın istəyi və maraqları formatında deyil, ABŞ-nin Azərbaycanda gündəliyinin həyata keçirilməsinə xidmət edir. Bunun əsasında həmin sazişin müddəalarına uyğun olaraq tərəfimizdən bildirişlər göndərildi və həmin şərtlərə sazişin uzadılmasında maraqlı olmadığımızı bəyan etdik”.

C.Bayramov bildirib ki, bu sazişin xitam müddəti 2024-cü ilin fevral ayına təsadüf edirdi:

“Bu ərəfədə ABŞ-dən Azərbaycana ən yüksək səviyyədə USAİD çərçivəsində əməkdaşlığın davam etdirilməsi barədə mesajlar göndərildi. Biz qarşı tərəfə şərtlərlə bağlı danışıqların aparılmasının vacibliyini bildirdik və təklifləri yazılı şəkildə ABŞ-ə göndərildi. Lakin fevraldan iyun ayına qədər bizə məlum oldu ki, ABŞ öz istəyini diktə edərək Azərbaycana qəbul etdirmək istəyir və Azərbaycanın heç bir legitim maraqlarını nəzərə almaq istəmir. Bunları nəzərə alaraq Azərbaycan tərəfi həmin sazişin bir daha uzadılmaması barədə qərar qəbul etdi”.

“Onların fəaliyyətinin dayandırılmasının vaxtı yetişmişdi. Çünki biz danışıqlar zamanı gördük ki, ABŞ Azərbaycanın maraqlarını nəzərə almır və diqtə ilə öz maraqlarından çıxış etməyə çalışır. USAİD-in Azərbaycanda mövcudluğunun və təmsilçiliyinin davam etdiyilməsinə ehtiyac yoxdur və fəaliyyətinin tam dayandırılmasının vaxtı yetişib”.