2024-cü ilin yanvar-iyun ayları ərzində 48702 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 10,7-dən 9,6-ya düşüb.
Məlumata görə, doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrdən 1622-si əkiz, 72-si üçəm və 4-ü isə dördəm doğulub. Bəs uşaq doğumlarının sayının azalmasının səbəbləri nələrdir?
Mövzu ilə bağlı Yenicag.az-a danışan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, bəziləri bunu məsuliyyətdən, digərləri isə uşaqların normal inkişafına kifayət qədər xərc çəkə bilməyəcəkləri qorxusundan edir.
Onun sözlərinə görə, məsələni təhlil etdikdə bir neçə aspekt diqqəti çəkir:
“Bu yaxınlarda abortlarla bağlı maraqlı bir statistika paylaşılmışdı. Müəyyən edilmişdi ki, abortların 70% bir neçə övladı olmuş şəxslər tərəfindən edilib. Məsələni təhlil etdikdə bir neçə aspekt diqqəti çəkir. Doğumların sayına nələr təsir edə bilər. Bildiyiniz kimi, pandemiya kifayət qədər şəxslərdə psixoloji qeyri sabitlik yaratdı və bu qorxu panik ataka çevrildi. Bu, hazırda hələ də hökm sürməkdədir. Müharibədən sonrakı psixoloji gərginlik və nəhayət dünyada baş verən proseslər, müharibələrlə bağlı anonslar, sosial psixoloji gərginlik, ailələrdə zorakılıq və sair məsələlər, sosial dəstək proqramlarının ailələrə hələ kifayət qədər kompleksliyinin olmaması bunlara təsiredici vasitələrdir. İnsanların əksəriyyəti depressiv vəziyyətdə və gələcəyə o qədər də ümidli deyillər. Bəziləri bunu məsuliyyətdən, digərləri isə uşaqların normal inkişafına kifayət qədər xərc çəkə bilməyəcəkləri qorxusundan edir. Ondan ötəri abortları çıxış yolu kimi görürlər”.
M.Zeynalova qeyd edib ki, bəziləri daha çox dövlət müəssisələrinə güvənərək, uşaq dünyaya gətirir:
“Son hallarda bəzi valideynlər “uşağa baxa bilmirəm”, “imkanım yoxdur sığınacağa verim” kimi müraciətlər edir. Uşaqların tərbiyəsində kifayət qədər səriştəsi olmayanlar da var ki, əksər vaxt uşaqlar böyüdükdə münasibətləri tənzimləyə bilmədiklərini ətrafda görərək, doğuşa o qədər də önəm vermir. Burada təbii ki, karyera qrumaq üçün çalışanlar və evliliyi gecikdirənlər də var. Amma əsas vacib məsələ dediyim kimi, bahaçılıq, ailələr üçün sosial dəstək proqramları kifayət qədər güclü olmaması, sosial psixoloji gərginlik, zorakılıq, alkoqol və narkotik təsiri və bir çox səbəbi göstərmək olar”.
İsmayıl Bakuvi