Uşaq hüquqlarının qorunması: “Vahid sistem tətbiq olunmalıdır”

“Elə bir sistem qurulmalıdır ki, 6 yaşa kimi uşaqlar özbaşına buraxılmasın”.

Bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə 2022-ci il 20 oktyabr – 20 noyabr tarixlərinin “Uşaq Hüquqları Aylığı” elan edilməsinə münasibət bildirən sosioloq Əhməd Qəşəmoğlu Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, uşaq hüquqlarının qorunması üçün vahid sistem tətbiq olunmalıdır:

“Birləşmiş Millət Təşkilatının Baş Məclisinin qəbul etdiyi Uşaq Hüquqları haqqında Konversiyanın Azərbaycan parlamentində qəbuluna dair hazırlığımı görmüşəm. O vaxt Milli Məclisdə Elmi mərkəzin rəhbəri idim və sözügedən Konvensiyanı elə o vaxt hazırlamışdım. Əslində ölkəmizdə uşaq hüquqları ilə məsələyə lazımi diqqət göstərilmir. Çünki bu məsələdə elmi yanaşma yoxdur. Son 30 ildə selektiv abortların sayı xeyli dərəcədə artıb. Bu, qız uşaqlarına qarşı qətliamdır. Nəticədə ana bətnindəki uşaqların hüququ pozulur. Digər tərəfdən, bir uşaq 6 yaşına çatanda şəxsiyyət kimi formalaşır. İndiki vaxtda 6 yaşa kimi uşaqların təlim-tərbiyəsi ilə bağlı mükəmməl, aydın sistem qurulmayıb. Uşaqlar necə gəldi formalaşdırılır. Bu baxımdan, öncəliklə valideynlərin maarifləndirilməsinə ehtiyac var. Elə bir sistem qurulmalıdır ki, 6 yaşa kimi uşaqlar özbaşına buraxılmasın. Bundan başqa, hər 100 nikaha qarşı 30-dan artıq boşanma düşür. Bu, evlərdə ikiqat gərginliyin olmasını göstərir. Ailələrin 80 faizində uşaqlar həmin gərgin ailələrdə böyüyür. Bu ailələrlə işləyən qurumlarımız yoxdur. Düzdür, uşaqların hüququnu müdafiə etmək üçün müəyyən işlər həyata keçirilir. Yaxşı olardı ki, yeni nəsil çox keyfiyyətli böyüsün və ölkəmizi daha yaxşı təmsil etsinlər”.

Qeyd edək ki, “Uşaq Hüquqları Aylığı”nın keçirilməsində məqsəd aidiyyəti qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının təşviq edilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə nail olmaqdır.

Gülşən Şərif