!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Cinsi azlığın nümayəndəsi nə deməkdir?" - Millət vəkili

!Reklam – Yazi

Son zamanlar Azərbaycanda baş verən intihar halları ölkə mediasının gündəmini yenidən zəbt etməyə başlayıb.

Aparılan araşdırmalar zamanı intihar hallarının daha çox gənclər arasında qeydə alındığı müşahidə olunub. Cəmiyyət tərəfindən edilən basqılar, ailədaxili problemlər, maddi cəhətdən yaranan sıxıntılar və bu kimi təzyiqlərə məruz qalan şəxslər vəziyyətdən çıxış yolunu intihar etməkdə görürlər.

Elə ötən gün də iki gündə 4 gənc intihar edərək, dünyasını dəyişib. Bunlar Rәşad Elixan oğlu Mustafazadә, Elvin Şamil oğlu Səfərov, Hikmət Araz oğlu Cəbiyev və Məlik Cahangirovdur.

Mövzu ilə əlaqədar olaraq Yenicag.az Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Flora Qasımovanın müsahibəsini təqdim edir. O, müsahibəsində gənclərin intihar etməsi və bunun çıxış yolları haqqında bir sıra maraqlı məqamlara toxunub.

Axı nə oldu bizim millətə?

– Flora xanım, bu gün gəncləri daha çox qayğılı, fikirli görürük. Onlar arasında pessimizm geniş yer alır, intihar halları çoxalır. Sizcə bunun kökündə nə durur?

– Bunun kökündə ünsiyyət problemi durur. Gənclər bir-biriləri ilə ürək dostu olmur. Elə ancaq sosial şəbəkələr vasitəsilə münasibət yaradırlar. Başa düşə bilmirəm, həmin intihar edən gənclərin dərdini danışmağa bir tanışı, qohumu və ən əsası valideyni yoxdurmu ki, sıxıntısını, şikayətini ona bildirsin? Axı nə oldu bizim millətə? Biz niyə belə dəyişdik?

– Hətta o gənclərdən birinin cinsi azlığın nümayəndəsi olduğu deyilir…

– Bu barədə mən də oxudum. Dəhşətdir! Cinsi azlığın nümayəndəsi nə deməkdir? Onu həmin yola düşməyə kim vadar edir? Arvad paltarı geyinib küçədə durmaq, Allahın yaratdığı vücuda etiraz etmək… bütün bunlar mənə qəribə gəlir. Yenə deyirəm, indiki gənclərin işi ancaq sosial şəbəkələrdir. Düzdür, orada olduqca kifayət qədər məlumatlar olur. Lakin bu da bir yerə qədərdir. Gərək gənclərin özlərinin də şəxsi maraqları olsun. Maraq olmasa, həyat mənasızlaşar.

– İntihar insanın psixoloji vəziyyəti ilə bağlıdır. Adətən, intihar edənlərə “zəif insandır”, deyirlər. Sizcə, bugünkü gənclər zəifdirmi?

– Mən belə deməzdim. Burda əsas məsələ təbliğatdır. Sovetin vaxtında niyə belə hallar olmurdu? Olurdusa da heç bilinmir və təbliğ də edilmirdi. İndi isə belə deyil. Rahat şəkildə təbliğat aparılır. İntihar edənə baxan digər gənc də özünü ona oxşatmağa başlayır. Buna görə də hər gün ölüm xəbəri eşidirsən: biri özünü asır, o biri atır… Çox heyif. Mən yaşlı nəslin nümayəndəsi olaraq, bu cür hadisələri eşidəndə olduqca təəssüflənirəm. Bir fikrimdə çox qətiyəm: sosial şəbəkələrin gənclərimizə çox pis təsiri oldu.

– Çıxış yolunu nədə görürsünüz?

– Bütün hallarda əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideyn övladının dostu olmalıdır. Yəni uşaq öz dərdini valideyninə deyə bilməlidir. Deyə bilmirsə, çıxış yolunu özünəqəsddə görürsə, bu, artıq təkcə həmin ailənin deyil, cəmiyyətin faciəsidir.

Mən sovet dövründən misal çəkəcəm. Onda müəyyən bir iş qrafiki vardı. 8 saat işləyirdin və evə gəlib, işlərini görürdün, ailənə ayırmağa vaxtın da olurdu. İndi valideyn evdən çıxır və elə olur ki, işin çoxluğundan gec qayıdır. Yəni ailəsini dolandırmaq üçün ancaq pul qazanmaq istəyir. Buna görə də uşaq nəzarətsiz qalır, dərdini danışmağa adam tapmır. Valideyn də bilmir ki, övladı kimlə dostluq edir, kimin təsiri altına düşür. Bu isə çox mühüm məsələdir. Övlad gərək valideyninə istənilən fikrini, sıxıntısını rahat desin və qorxmasın. Uşaq intihar edirsə, bunun günahkarı valideyndir.

Valideyn tanıyıram ki, övladına hədə-qorxu gəlib

– Flora xanım, Yenicag.az olaraq məsələ ilə bağlı şəhərdə sorğu keçirtdik. Əksər insanlar gənclərin intiharetmə səbəbini işsizlikdə gördü.

– Düzdür, səbəblərdən biri də işsizlik ola bilər. Amma hər şeyin bir çıxış yolu var. Təbii ki, müstəqillik qazansaq da dövlətimizin çəkdiyi çətinliklər çox oldu. Müharibə şəraiti, dağıntılar, işsizlik…bütün bunlar çox ağır günlər idi. Təzə-təzə görürsünüz ki, hər şeyə diqqət yetirilir, qanunlar dəyişir, əhaliyə edilən güzəştlər artırılır. Baxın, biz orduya, onun müəyyən texnika ilə təmin olunmasına nə qədər xərc çəkirik. Bununla da ordu quruculuğu formalaşmağa başladı. Bütün bunlarla yanaşı mən də istərdim ki, Azərbaycanda yeni iş yerləri açılsın, əhali işlə təmin edilsin. Yenə Sovet dövrünü misal gətirəcəm. Məsələn, o zamanlar bütün universitetlər pulsuz idi. İndi artıq özəl ali məktəblər fəaliyyət göstərir. Kimsə həmin universitetə qəbul olur və ödəniş haqqını verə bilmir. Bu da çox pis nəticələrə gətirib çıxarır. Gənclərdən biri də elə məhz buna görə intihar edib.

Bəzən görürsən ki, tələbə imtahana görə stress keçirir. Səbəb bilirsiniz nədir? Kəsilsəm evdəkilər nə deyər? Görəsən, buna görə məni incidərlərmi? Valideyn tanıyıram ki, övladı imtahandan kəsilib deyə, ona hədə-qorxu gəlib: “ay səni öldürəcəm”, “asacam”, “kəsəcəm”, “niyə kəsilmisən?” kimi sözlərinin qarşılığında axırda uşaq qorxudan xəstəliyə tutulub. Nəticədə, müalicəsinə nə qədər pul xərclənib. Belə etmək olmaz axı. Bu, düzgün deyil. Qorxuyla böyüyən övlad şəxsiyyət ola bilməz.

– Demək, bu məsələdə əsas yük medianın, xüsusən də televiziyaların üzərinə düşür.

– Sizinlə tamamilə razıyam. Amma bu gün bizim televiziya kanallarının mövzusu yalnız şoudur: filan müğənni ev aldı, filan müğənnilər bir-birini qırdı. Bu cür təbliğat kimə lazımdır? Televiziyalarda tərbiyəvi mövzularda söhbətlər aparılmalıdır. Gəncliyin buna ehtiyacı var.

ELVİN PAŞAZADƏ

www.yenicag.az

3390
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv