Xərçəng elə bir bəladır ki, böyük-kiçik tanımır. Təkcə yetkin yaşlı insanlar deyil, uşaqlar, hətta körpələr belə bu xəstəlikdən əziyyət çəkirlər. Bəs uşaqlarımızın onun pəncəsinə düşməməsi üçün nə etməliyik? Xilas yolu varmı?
“15 Fevral – Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü”ndə tanınmış onkoloq Aliyə Aslanlı gələcəyimizi sağlam yetişdirməyin yollarını açıqlayır:
“ Araşdırmalara əsasən, uşaq xərçənginin qarşısının alınmasına körpə doğulduqdan sonra deyil, hamiləliyi planlaşdırarkən başlamaq lazımdır. Tədqiqatlara əsasən, xərçəngin inkişafı üçün risk faktorları bunlardır:
1.Kanserogenlərə məruz qalma;
2. Hamiləlik planlaması dovrü və hamiləlik dövründə valideynlərin tütün, spirtli içki istifadəsi;
3. Ana övladına süd verdiyi zaman əgər yanında kimsə siqaret çəkirsə, bu zaman nəfəs yolu ilə kimyəvi maddələrin uşağın orqanizminə daxil olması;
4. Ətraf mühitin təsiri.
Valideynlər uşaq orqanizminə zərərli təsirləri aradan qaldırmaqla ( və ya azaltmaqla) gen mutasiyaları riskini də azalda bilərlər. Bunun üçün onlar sağlam həyat tərzi sürməli və ailədə sağlamlığın qorunub möhkəmlənməsi istiqamətində münasibət formalaşdırmalıdırlar.
Siqaret çəkməyi birmənalı şəkildə dayandırmaq lazımdır. Çünki tütün komponentleri əşyaların və paltarların üzərində yerləşərək, xroniki tənəffüs yolları xəstəlikləri və xərçəng riskini artırır.
Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü”nün qlobal şüarı budur: ‘Biz birik!” Bu tarixin prioritet vəzifəsi əhaliyə uşaq xərçənginin erkən diaqnostika ilə müalicə oluna biləcəyini və hər birimizin öz ailəmizdən başlayaraq, bu dəhşətli xəstəliyə qarşı mümkün töhfə vərə biləcəyimizi izah etməkdir. Sağ və sağlam qalaq!