Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar Ali Məhkəmənin Plenum qərarına dəyişiklik edilib.
Yenicag.az xəbər verir ki, bu barədə “Report”a Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, hakim Sənan Hacıyev məlumat verib.
Onun sözlərinə görə, dəyişiklik təcrübədə rast gəlinən kifayət qədər ciddi problemin aradan qaldırılması məqsədilə edilib:
“Uşaqla ünsiyyət tələblərinə dair iddialara baxılan zaman mübahisə üzrə yekun qərarın qəbulunadək kifayət qədər uzun müddət keçir. Habelə, bir çox hallarda tərəflərin aralarındakı ziddiyyətli münasibətlərdən irəli gələrək işlərin baxılması müddətlərinin prosessual imkanlardan istifadə edilməklə süni surətdə daha da uzatmaları müşahidə edilir”.
Hakimin sözlərinə görə, bu səbəblər nəticəsində ünsiyyət tələb edən valideynlə uşaq arasında olan münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısının alınması və ən nəhayət bu məsəslədə uşaqların üstün mənafelərinin qorunması məqsədilə “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 28 oktyabr qərarının 2-ci bəndinə aşağıdakı məzmunda yeni abzas əlavə edilib:
“Məhkəmələrə izah edilsin ki, uşaqla ünsiyyətə dair iddialara baxılıb yekun qərarın qəbul edilməsinədək keçən müddət ərzində, ünsiyyətə dair iddia tələbini irəli sürmüş valideynlə uşaq arasında münasibətlərin gələcəkdə qətnamənin icrasını mümkünsüz edəcək dərəcədə soyumasının, ünsiyyət bağlarının kəsilməsinin qarşısını almaq məqsədilə Mülki Prosessual Məcəllənin 158.1.2 və 158.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş iddianın təmin tədbirinin görülməsi mümkündür.
Mübahisənin həllinədək müvəqqəti olaraq cavabdehə iddiaçının uşaqla məhkəmənin müəyyən etdiyi minimal həddə ünsiyyətinə edilən maneələrin qadağan edilməsindən ibarət iddianın təmin tədbirinin görülməsinə dair vəsatətə baxılarkən əsasən ünsiyyət hüququnun təmin edilməsini tələb edən valideynə aid və uşağın mənafeyinə zidd ola biləcək açıq-aydın halların olub-olmamasına qiymət verilməlidir” .
Qeyd edək ki, MPM-in 158-ci maddəsi iddianı təmin etmək üçün tədbirlərini nəzərdə tutur. 1.2-ci bənd müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etməkdən, 158.1.3-cü maddəsi isə mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan etməkdən ibarətdir.