Uşaqlar arasında yayılan VİRUSUN adı məlum oldu

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Əkbər Quliyev uşaqlar arasında COVİD-19 virusunun yayılma səviyyəsindən danışıb.

Yenicag.az ekspertin müsahibəsini təqdim edir:

– COVID-19 ştamları yayılmasına görə uşaqlar arasında fərqlənirmi?

– COVID-19-un uşaqlar arasında yayılması ştamların müxtəlifliyinə görə dəyişir. COVID-19-un “alfa” ştamını biz daha kiçik yaşlı uşaqlarda rast gəldiyimiz halda, “delta” ştamı 10 yaş və üzəri uşaqlarda daha çox müşahidə edildi.

– COVID-19 xəstəliyini daha ağır gedişatda keçirən xüsusi risk qrupu uşaqlar varmı?

Böyüklərdə olduğu kimi, əsas xroniki xəstəliyi olanlar, allergik bronxiti olanlar, immunosupressiv dərmanlardan istifadə edənlər, xərçəng və revmatoloji xəstəlikdən əziyyət çəkən uşaqlarda ağır COVID-19 riski yüksəkdir.

– COVID-19-a yoluxan uşaqlarda spesifik simptomlar varmı?

– COVID-19-un əlamətləri qriplə çox bənzəyir. Qripə gəldikdə isə COVID-19 ilə oxşarlığı ayırd etməni çətinləşdirir. Çünki hər iki xəstəlik boğaz ağrısı, hərarət, yorğunluq, quru öskürək, kimi əlamətlər verir və ötürülmə yolu eynidir. Bəzən uşaqlarda xəstəlik zamanı olan səpgilər valideynləri narahat edir və COVID-19 əlamətidir düşüncəsinə qapılırlar. Səpgilər çox vaxt virus xəstəliklərinin əlamətlərindən biri kimi meydana gəlir. Respirator simptomlardan sonra meydana gəlir, ona görə də diaqnoz qoymaq üçün səpgiyə istinad etmək heç də yaxşı seçim deyil. Oxşar əlamətləri fərqləndirməyin ən doğru yolu PZR yaxma üsuludur.

– Son günlər tez-tez eşitdiyimiz “influenza” virusu uşaqlara necə təsir edir?

– Son günlər uşaqlar arasında yayılan xəstəlik qripin, yəni “influenza” virusudur. Dekabrın əvvəlindən daha çox müşahidə olunmağa başlanılıb və artmağa davam edir. Kiçik körpələrə və 0-5 yaş qrupu uşaqlara daha çox təsir edir. Çox ağır bronxitə səbəb olur. Hazırda uşaqlar arasında COVID-19-dan daha çox qarşılaşdığımız virus qrupu budur. Uşaqlar xəstələndiyi halda vaxtında həkimə müraciət etmək lazımdır. Hətta xəstəliyin ilkin simptomlarında mütləq həkimlə məsləhət edilməlidir.

– Məktəbdə uşaqlar bir-biri ilə tez-tez təmasda olurlar. Bu vəziyyət uşaqlarda koronavirusdan başqa qrip kimi tənəffüs yolu infeksiyalarına yol açırmı?

Uşaqlar məktəblərdə maska, məsafə və təmizlik qaydasına ciddi diqqət yetirməlidirlər. Bu məqamda həm müəllimlərin, həm də ailələrin üzərinə öhdəlik düşür. Bundan əlavə, risk qrupunda olan, məsələn, ürək çatışmazlığı, şəkərli diabet, immun sistemi çatışmazlığı, xroniki ağciyər xəstəliyi olan uşaqlar dərhal qrip peyvəndi almalıdırlar.

Qrip mövsümünün başlamasına 15 gün qalmış qripə qarşı peyvəndin alınması daha faydalıdır.

– “İnfluenza” virusunun müalicəsində nələrə diqqət etmək lazımdır?

– Virus xəstəliklərinin müalicəsi əsasən simptomatik təyin edilir. Hərarət salıcı dərmanlar, bol maye qəbulu tövsiyə olunur. Ancaq risk qrupundakı uşaqlar və risk qrupunda olmayıb, amma xəstəliyin daha ağır seyrinin görüldüyü xəstələrdə qrip virusuna təsir edən dərmanların istifadəsi lazımdır. Unutmamalıyıq ki, antibiotik hərarət salıcı deyil. Antibiotik bakterial infeksiya varsa və təyinata göstəriş varsa, qəbul olunmalıdır. Bu cür vəziyyətlərdə mütləq həkimə müraciət edilməlidir və müalicə yalnız mütəxəssis tövsiyəsi ilə aparılmalıdır.