Uşaqlar da maska taxmalıdır…

Artıq bir neçə aydır ki, həyatımızın yeni bir mərhələsini-pandemiya mərhələsini yaşamaqdayıq. Bütün dünyada dövlətlərin normal fəaliyyətini, insanların isə normal yaşamını təhdid altında saxlayan bu ölümcül bəla ilə geniş mübarizə aparılmaqdadır.

Tibb ekspertlərinin dediklərinə əsaslansaq, hələlik vaksinasiyası tapılmadığı üçün COVİD-19-dan qorunmağın yeganə üsulu sanitar-gigiyenik qaydalara riayət etmək, sosial məsafə saxlamaq və tibbi maskalardan istifadə etməkdir.

Toxunmaq istədiyimiz məsələ məhz tibbi maskalardan istifadə ilə bağlıdır. Belə ki, dünyanın əksər infeksionist həkimləri COVİD-19-un kiçik yaşlı uşaqlara, gənclərə yoluxmadığını, daha doğrusu az yoluxduğunu iddia edirlər. Bunu əsas götürən bəzi insanlarımız isə öz övladlarına tibbi maska taxmadan ictimai nəqliyyatdan istifadə edir, hətta insanların çox olduğu ərzaq mağazalarını belə “ziyarət” edirlər. Bununla yanaşı, bir sıra məktəblilər də küçələrdə, mağazalarda məhz “gənclərə yoluxmur” deyə tibbi maska taxmırlar. Fikrimcə, bu yolverilməz olduğu qədər təhlükəlidir. Əgər bu virusun xarakteri bəşəriyyət üçün hələ də tam açılmayıbsa və həkimlər ötən aylar ərzində bunun vaksinini tapa bilməyiblərsə, demək ki, yoluxma riskini kənara qoymaq olmaz. Bu baxımdan, hər kəs, o cümlədən gənclər və uşaqlar belə tibbi maskadan istifadə etməklə öz sağlamlıqlarını qoruya bilərlər. Bu, yoluxmanın azalmasında da mühüm amildir.

Əli HEYDƏRLİ

Bakı Türk Anadolu Litseyi, 11-ci sinif şagirdi