“Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər keçiriləcək. Fəaliyyət Azərbaycan Jurnalistlərinin Həmrəylik Komitəsi İctimai Birliyi (AJHKİB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlər təşkili” adlı layihə çərçivəsində icra olunacaq. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Layihənin koordinatoru Murad Ələsgərli bildirib ki, uşaqlar haqqında məlumat hazırlamağın prinsiplərini ehtiva edən nəzəri fikirlər mövcuddur. Bu prinsiplər Jurnalistlərin Etik Davranış Kodeksində, “Media haqqında” qanunda, digər normativ hüquqi aktlarda və beynəlxalq sənədlərdə öz əksini tapıbdır: “Amma internet informasiya resurslarının inkişafı, yeni media mühitinin formalaşması uşaqlar haqqında informasiya yayımaq şərtlərinə yenidən baxılması zərurətini yaradır. İcra edəcəyimiz layihə rəqəmsal media mühitində uşaqlar haqqında informasiya yayımının şərtlərinin araşırılmasını və modern nəzəri fikirlərin Azərbaycan auditoriyasına çatdırılmasını nəzərdə tutur”.
Murad Ələsgərli qeyd edib ki, layihə üç ay müddətində icra ediləcək: “Bu müddət ərzində uşaqlar haqqında informasiya yayımını ehtiva edən müasir nəzəri fikirlər araşdırılacaq. Toplanmış materiallar ekspertlərin iştirakı ilə ümumiləşdiriləcək, məqalə halına salınaraq, dərc ediləcək. Bundan əlavə, Bakı və Mingəçevir şəhərlərində jurnalistlər, QHT təmsilçiləri və sosial media fəallarının iştirakı ilə seminarların keçirilməsi planlaşdırılıb”.