Uşaqlara enerji içkisi verən “Xocalı” klubunu hansı cəza gözləyir? – AÇIQLAMA

“Xocalı” klubunun azyaşlı futbolçuların enerji içkisi ilə fotolarını sosyal şəbəkədə paylaşması tənqidlərə səbəb olub.

Ölkəmizdə 18 yaşdan aşağı şəxslərə enerji içkilərinin satışı qadağandır və ən əsası bu içkilər azyaşlı uşaqların səhhətinə zərərlidir.

Bəs ictimai qınaqdan əlavə, qanunıla “Xocalı” klubunu hansı cəza gözləyir? Bu sualı Fanat.Az-a açıqlamasında hüquqşunas Mehman Muradlı cavablandırıb.

“Enerji içkilərinin etiketlərində mütləq “enerji içkisi”, “tərkibində GMO yoxdur”, “Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir”, “18 yaşdan aşağı şəxslərə satışı qadağandır”, “Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur”, “Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir” yazıları qeyd edilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 213-cü maddəsinin tələbinə əsasən, körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə fiziki şəxslər 150 manatdan 200 manatadək məbləğdə, vəzifəli şəxslər 250 manatdan 300 manatadək məbləğdə, hüquqi şəxslər 750 manatdan 1000 manatadək məbləğdə cərimə edilir”, deyə hüquqşunas qeyd edib.

Ancaq “Xocalı” klubundan Fanat.Az-a verilən məlumata görə, burada reklam məqsədi yoxdur. Klubun prezidenti İlkin Hacıyev saytımıza açıqlamasında vəziyyəti belə izah edib:

“Biz klub olaraq həmişə öz adımızın məsuliyyətini dərk etmişik. Hədəfimiz Azərbaycanda uşaq futbolunun kütləviliyini artırmaq, ali məqsədimiz isə Xocalı adını yüksək arenalarda tanıtmaqdır. Yalnız vətən, millət xainləri bu adın üzərindən iş görə bilər. Cənab prezidentimiz İlham Əliyevin tapşırıqlarına riaət edərək bu klubu saxlamışıq. Enerji içkisi məsələsinə gəlincə, komandamız şəhidlərimizin xatirəsinə həsr olunmuş “Zəfər” kuboku turnirində iştirak edib. Orda valideynlər uşaqlarının könlünü xoş tutmaq üçün sözlərini yerə salmayıb, enerji içkisi veriblər. Bu fotolar da həmin gün çəkilib. Bizim sosial şəbəkə hesablarımızı idarə edən xanımlarımız səhvə yol verərək, belə önəmli nüansları bilmədən fotonu paylaşıblar. Bunun ardından mənə dostlarımız və federasiyadan zənglər gəldi. Dedilər ki, bəs sizdə belə şeylər baş verməzdi, nə məsələdir? Xəbər tutan kimi dərhal fotonu sildirdim. Bizə bir çox reklam şirkətlərindən zənglər gəlir. Ancaq Xocalı adına görə qəbul etmirik. O adın həmişə böyüklüyünü qoruyub saxlamışıq. Ona görə də hər yoldan keçənlə, kim gəldi əməkdaşlıq edə bilmərik. Çox istərdik ki, mediada da bizim uğurlarımız işıqlandırılsın. Ki, cəmi iki ildir yaranan klub artıq “Zəfər” kuboku turnirdə 3-cü yeri tutub”.