“Kəkələmə olan uşaqların sözünü durmadan kəsmək, yəni onları stressə salmaq, ona kəskin reaksiya vermək olmaz”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında uşaqlarda kəkələmə probleminin yaranmasının səbəbləri haqda danışan psixoloq Ezgi Şahin deyib.
Onun sözlərinə görə, uşaqlarda kəkələmə bəzən psixoloji, bəzən də sinirlə bağlı olur.
“Buna görə də azyaşlıları vaxtında psixoloqa aparmaq lazımdır. Lakin bunu gecikdirmək sonradan onun qalıcı olma ehtimalını da artırır. Kəkələmə olan uşaqların sözünü durmadan kəsmək yəni onları stressə salmaq, “bir söz belə danışa bilmirsən” deyərək ona kəskin reaksiya vermək olmaz”, – deyə o qeyd edib.
Psixoloq əlavə edib ki, bu kimi problemlərdə psixoloji dəstək gördükdən sonra danışıqda irəliləyiş görmək mümkündür.
“Kəkələmə olan uşaqlarda düzgün nəfəs qaydaları, gözləyərək danışma yəni, sözlərin arasında fasilə verməsi çox önəmlidir. Nevroloji kəkələmələr daha çox sinir, daxili gərginlik səbəbindən ola bilər, amma psixoloji kəkələmə isə həyəcan, təşviş, qorxudan sonra yaranan problemdir. Bəzən özünə inam əskikliyi yaxud da sosiallaşa bilməmə kimi problemlər də uşaqlarda kəkələməyə gətirib çıxara bilir. Lakin xüsusi proqram vasitəsilə bu problemin öhdəsindən gəlmək mümkündür. Düzgün şəkildə müalicə olunarsa və vaxtı-vaxtında deyilənlər edilərsə, kəkələmənin qarşısını almaq olar”, – deyə o, fikirlərini yekunlaşdırıb.
İsmayıl Bakuvi