!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarda müşahidə olunan temperatur, ishal və qusma hallarının SƏBƏBLƏRİ - Valideynlərə xəbərdarlıq 

!Reklam – Yazi

“Hazırda ölkəmizdə epidemiya ilə bağlı hər hansı gərgin vəziyyət mövcud deyil”.

Yenicag.az-ın xəbərinə görə, bunu Respublikanın baş infeksionisti Cəlal İsayev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sadəcə mövsümə uyğun olaraq kəskin respirator virusları yayılıb: “Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar da məhz bu virus infeksiyaları ilə bağlıdır. Məsələn, adenovirus, enterevirus infeksiyaları ilə yoluxduqda sadalanan hallar müşahidə edilir. Amma bunu qrip adlandırmaq doğru deyi. Bu il ölkəmizdə qripə yoluxan olmayıb. H1N1, H3N2 və sair – bunlar yayılması ehtimal olunan viruslardır. Bu il respublikada “donuz qripi”, yaxud “quş qripi”nə yoluxma barədə rəsmi təsdiqlənmiş məlumat yoxdur. Lakin istisna da olunmur. Çünki hazırda Gürcüstan, Türkiyə, İran kimi qonşu ölkələrdə qrip xəstəliyi varsa, ehtimal ki, bizdə də var. Qripin viruslarını adi laboratoriyalarda təyin etmək olmur. Bu diaqnozu qoymaq üçün xüsusi reaktivlər, laboratoriyada şərait lazımdır. Bu isə hər laboratoriyada olmur, ayrı-ayrı mərkəzlərdə yoxlanılır”.

Baş infeksionist bildirib ki, bu xəstəlik xüsusilə körpələrdə, aşağı yaş qrupundan olan uşaqlarda, yaşlılarda, hamilə qadınlarda, xroniki xəstəliyi olan şəxslərdə daha ağır keçir:

“Burada əsas məsələ düzgün müalicədir. Təəssüf ki, bəzən xəstəliyin sağalması üçün yanlış tədbirlərə əl atılır. Məsələn, uşaqda qızdırma müşahidə olunur, bu zaman valideynlər özbaşına, həkim təyinatı olmadan antibiotik istifadə edirlər. Halbuki qripə qarşı konkret müalicə vasitəsi zəif təsirə malikdir. O cümlədən də antibiotik çox az təsir göstərir. Buna görə də xəstə mütləq xəstəxana şəraitində müalicə olunmalıdır. Xəstəxana yox, ev şəraitində müalicə olunan hallarda isə həkim çağırmaq lazımdır. Çünki xəstədə ağırlaşma halının olmaması üçün o, ən azı temperaturu olduğu müddətdə həkim nəzarətində qalmalıdır. İnsanlar xəstəliyə yoluxubsa, ictimai yerlərdə çox olmaqdan çəkinməli, maskalardan istifadə etməlidirlər. Həm özlərini, həm də ətrafdakıları qorumalıdırlar. İşləyənlər işə, tələbələr universitetə, məktəblilər məktəbə, körpələr bağçaya getməməlidirlər. Virusa yoluxmuş birinin 10-15 dəqiqə ictimai yerdə olması digərlərinin də xəstələnməsinə kifayət edir”.

***

Hazırda payız-qış mövsümü üçün xarakterik olan soyuqdəymə xəstəliklərinə tez-tez rast gəlinir. Çünki havanın soyuması ilə əlaqədar olaraq bakteriya və virusların yayılmasına meyllik artır”.

Bunu respublikanın baş pediatrı Nəsib Quliyev “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O bildirib ki, uşaqların bağçalarda, məktəblərdə, kollektivdə cəmləşməsi, yəni bir-birini yoluxdurma ehtimalının yüksək olması, bakteriya və virusların aktivliyinin artması, digər tərəfdən immunitetin güclü olmaması xəstəlik riskini artırır:

“Ona görə də əvvəlki illərdə olduğu kimi, bu il də uşaqlar arasında bir sıra virus mənşəli xəstəliklər müşahidə olunur. Yayılan viruslar müxtəlif mənşəlidir. Onlar adenoviruslar, rinoviruslar, paraqrip və qrip, rotaviruslar adlanır və onların minlərlə stereotipləri mövcuddur”.

N.Quliyev yüksək hərarət zamanı nə etmək lazım olduğunu açıqlayıb:

“Bu viruslar çox sürətlə artıb çoxalır. Buna görə də virusların şiddətlə artıb çoxaldığı dövrdə hərarət müşahidə olunur. Əslində, 38.5, 39 dərəcəyə qədər olan hərarət orqanizmin infeksiyaya qarşı qorunma reaksiyalarından biridir. Çünki bədəndə hərarətin yüksəlməsi virus və bakteriyaların artıb çoxalmasına mənfi təsir göstərir. Bütün hallarda qızdırmanı salmaq lazım deyil. Əgər hərarət 38.5-dən, 39-a və ondan yuxarı qalxarsa, o zaman müdaxilə edilməlidir. Əks-halda hərarətsalıcı dərmanlardan istifadə etmək doğru deyil. Bu barədə valideynlər mütləq həkimlərlə məsləhətləşməlidirlər”.

N.Quliyev bildirir ki, uşaqların xəstəlikdən qorunması üçün qidalanmaları, geyimləri, onlara göstərilən qulluq düzgün olmalıdır:

“Yay mövsümündə günəş, qum, su vannası qəbul etmək, bol meyvə-tərəvəzlə qidalanmaq lazımdır. Peyvəndlər vaxtlı-vaxtında edilməlidir. Valideynlər bunlara əməl edərsə, uşaqlar bir qayda olaraq payız-qış mövsümündə az xəstələnərlər”.

Adıçəkilən virus infeksiyalarından ölüm hallarının olması ilə bağlı sualı cavablandıran baş pediatr deyib ki, bütün dünyada olduğu kimi, bizim ölkəmizdə də virus xəstəlikləri qorxulu fəsadlar törədə bilir:

“Əgər klassik gediş müşahidə olunursa adətən xəstəliyin əlamətləri bir həftə ərzində keçir. Bədənin özünün müdafiə qüvvələri səfərbər olunaraq xəstəliyi yox edir. Amma virus xəstəliklərinin qorxulu cəhəti odur ki, onlar bəzən gözlənilməyən ağır fəsadlar törədir. El arasında düşünülür ki, qrip qorxulu xəstəlik deyil. Amma ağır fəsadlar, hətta ölüm halları törətdiyinə görə hər kəs buna ciddi yanaşmalıdır. Bu gün xəstəliyi “qrip” adlandırırlar, amma sabah bu, ağır fəsadlar, meningit, qanaxma, sətəlcəm törədə bilər və ağır gedişlə ölümə gətirib çıxara bilər. Odur ki, valideynlər, tibb işçiləri, ümumiyyətlə, hər kəs buna ciddi yanaşmalıdır. Bu viruslar aldadıcı olur, adətən, düşünürlər ki, bir neçə günə keçəcək. Amma diqqətli olmayanda ağır fəsadlar törədir. Elə Balakəndə ölən məktəbli uşağın da diaqnozu kəskin respirator virus infeksiyası idi. Bu ölüm hadisələri başlanğıcda virus infeksiyası olsa da, sonradan fəsadlaşıb ağır xəstəliklər əmələ gətirir. Məsələn, meningit, sətəlcəm, baş-beyin toxumasının iltihablaşması… Dediyim kimi, bunlar həmişə mövcuddur və sadalanan məsələlərə diqqət edilməsə, bu gün də bu hallarla qarşılaşa bilərik”.

Baş pediatr həmçinin onu da vurğulayıb ki, Azərbaycanda aparılan baktereoloji, virusoloji laborator müayinələr nəticəsində bu il bir virusun törətdiyi epidemiya hələ müşahidə olunmayıb:

“Əksinə, son günlərdə viruslarla bağlı xəstələnmənin sayı azalmağa doğru gedir və artım müşahidə edilmir”.

www.yenicag.az

1416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv