Uşaqlarda nitqin inkişafına təsir edən mənfi amillər AÇIQLANDI

Uşaqlarda nitqin inkişafına təsir edən mənfi amillər açıqlanıb.

Yenicag.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, defektoloq-loqoped Aygün Mehdiyeva bildirib ki, müasir dövrdə tez-tez nitqində qüsuru olan uşaqlara rast gəlinir.

Onun sözlərinə görə, uşaqların nitqinin inkişafına təsir göstərən əsas amillər bioloji və sosial-psixoloji faktorlardır: “Bioloji faktorlar deyərkən irsi xəstəliklər, perinatal dövrdə mərkəzi sinir sisteminin zədələnmələri, nevroloji, psixi, somatik xəstəlikləri və s. aid etmək olar. Sosial-psixoloji faktorlara isə qeyri-sağlam mühitdə böyüyən uşaqlar, ibtidai məktəbəqədər yaşlıların eyni vaxtda valideynlər tərəfindən məcburən iki dil sisteminin mənimsədilməsi, uşağın nitqinin inkişafına lazımi diqqətin olmaması, pedaqoji baxımsızlıq kimi amillər aiddir”.

Mütəxəssis uşaqlarda kəkələmə problemi anadangəlmə və ya sonradan yaranması məsələsinə də toxunub: “Kəkələmə ağır nitq qüsurlarından biri hesab olunur. Oğlan uşaqlarında qızlara nisbətən daha çox rast gəlinir. Kəkələmənin yaranmasına uşağın və ya valideynlərin nevroloji xəstəlikləri, irsi faktorları, psixotravmaları, baş beyin zədələnmələri, burun-boğaz-qırtlaq xəstəlikləri, nitqin inkişaf geriliyi, uşağın somatik zəifliyi kimi səbəblər aid edilir. Kəkələyən uşaqlarda təkcə nitq qüsurunun simptomları yox, həmçinin psixoloji problemlər də müşahidə olunur”.

O qeyd edib ki, Psixi Sağlamlıq Mərkəzinə hər yaş aralığında nitq qüsuru olan uşaqlar müraciət edirlər: “Amma loqopedik iş 3 yaşdan sonra aparılmalıdır. Əgər uşağın 2 yaşı varsa, burada psixo-pedaqoji və ya sensor terapiyanın olması məqsədəuyğundur. Loqopedik konsultasiyalar isə hər yaş aralığında aparıla bilər. Bəzən valideynlər uşaqlarının nitqi qüsurlu olduğundan narahatlıq keçirirlər, halbuki uşağın nitqində dinamika müşahidə olunur. Düzgün aparılan konsultasiya zamanı işin peşəkarı narahatlığa heç bir səbəb olmadığını məlumatlandırır”.

Danışıq problemlərinin neçə yaşına qədər müalicə ilə aradan qaldırılması məsələsinə gəlincə, defektoloq-loqoped əlavə edib ki, ilk olaraq uşağın nitq qüsurunu yaradan səbəblərdən, loqopedə (defektoloq) müraciət etdiyi vaxtdan və uşağın potensialından asılıdır: “Bəzi nitq qüsurları var ki, məsələn səs tələffüzü qüsurları [R, L, Ş, Ç, D, T və s.] onları 10 dərsdən 60-90 dərsə kimi aradan qaldırmaq mümkündür. Mürəkkəb nitq qüsurlarından biri olan dizartriya zamanı loqopedik məşğələlər fasilələr olmaqla uzunmüddətli ola bilir.

[R] səsi həm böyüklərdə, həm də uşaqlarda rast gəlinən səs tələffüzü qüsurudur. Adətən dil əzələlərinin passiv, az hərəkətli, dilaltı pərdənin qısalığının olması ilə, bəzən isə uşaqlar valideynlərini təqlid etməklə, baş beyin qabığının funksional dəyişməsi ilə şərtlənə bilir. Vaxtında, yəni 5-6 yaşdan sonra loqopedlərə müraciət olunarsa, bu qüsuru aradan qaldırmaq mümkündür. Səslərin korreksiyası daha çox təqlid və mexaniki üsullarla aparılır. Mexaniki üsul zamanı səs qoyuluşu üçün zontlardan, şpateldən və barmaqdan istifadə edilir”.

COP29