Uşaq oftalmologiyası, uşaqlarda goz xəstəliklərini müayinə və müalicə edən bir tibb sahəsidir.
Bu sahə, körpə doğulduqdan sonra inkişaf edən göz xəstəliklərinin vaxtında aşkarlanması, müalicə olunması və onların uzunmüddətli təsirlərinin qarşısını almağa yönəlir. Bu sahədə əsl uzman olan, Universal Hospitalın baş həkimi, cərrah-oftalmoloq Aytən Sultanova isə daha başqa məqamlara aydınlıq gətirir:
“Uşaqlarda göz müayinəsi onun yaşına və göz problemlərinə görə fərqlənə bilər.
Uşaqların görmə sistemi yetkin yaşda olduğu qədər inkişaf etmədiyindən, onların göz xəstəlikləri tez və düzgün şəkildə müalicə edilməzsə, ciddi görmə problemləri ilə nəticələnə bilər. Problem nə qədər tez aşkarlanarsa, bir o qədər qısa müddət ərzində müalicə olunar. Əks halda, uşağın öyrənmə qabiliyyəti, idrak inkişafı və ümumi həyat keyfiyyəti ciddi şəkildə zərər görə bilər.
Gözlərin uşaqlıq dövründə düzgün inkişafı sağlam görmə qabiliyyəti üçün əsasdır.
Uşaqlarda ən çox rast gəlinən göz xəstəliklərindən biri Ambliopiyadir. El arasında buna “Tənbəl göz” xəstəliyi deyilir.
Ambliopiya bir və ya hər iki gözün görmə qabiliyyətinin zəiflədiyi və tam inkişaf etmədiyi bir vəziyyətdir. Bu problem adətən, gözlərin düzgün işləməməsi səbəbindən yaranır. Ambliopiyanın əsas səbəbi gözlər arasında görmə itiliyi fərqliliyi və ya bir gözün digəri ilə müqayisədə daha zəif işləməsidir. Bu zaman bir gözdən beyinə gedən siqnal daha zəif olur. Bu vəziyyət erkən diaqnoz və müalicə olunmazsa, ömürlük görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər. Tez-tez rast gəlinən göz xəstəliklərindən biri də çəplikdir. Bu da bir və ya hər iki gözün eyni nöqtəyə fokuslana bilməməsidir. Nəzarətsiz və müalicəsiz qalan gözlərdə adətən, göz tənbəlliyi yaranır. Uşaqlar arasında görmə funksiyasını pozan xəstəliklər içində anadangəlmə katarakta və qlaukomanı xüsusi vurğulamaq istərdim.Vaxtında müalicə edilməyən bu cür xəstəliklər ömürlük görmə itkisi ilə nəticələnə bilər.
Uşaqlarda göz müayinəsi doğulduqdan dərhal sonra aparılmalıdır. İlk müayinə doğum evində pediatr və oftalmoloq tərəfindən aparılır. Daha sonrakı müayinələr 6-cı, 18-ci aylarda və 3 yaşda, sonra isə 5 yaşında oftalmoloq tərəfindən aparılmalıdır. Bu zaman ərzində valideynlər gözdə çəpləşmə, qapaq düşüklüyü, sıx-sıx göz qırpmaları, gözləri ovuşdurma kimi əlamətlər gördüklərində oftalmoloqa müraciət etməlidirlər. Ailədə genetik göz xəstəliyi varsa uşaqlar daha erkən zamanda kontrola alınmalıdırlar. Vaxtında edilmiş diaqnostika gələcəkdə baş verə biləcək daha ciddi problemlərin qarşısını almaq üçün çox mühümdür.
Yeri gəlmişkən qeyd edim ki, ən son texnologiyalarla təchiz olunmuş hospitalımızın oftalmologiya şöbəsində bütün yaş kateqoriyalarında olan uşaqların göz müayinəsi və müalicəsi yüksək səviyyədə həyata keçirilir.