Uşaqların arzusu çin oldu – “Neftçi”dən nümunəvi addım – FOTOLAR

Yeni il öncəsi “Neftçi” futbol klubu alqışlanılası təşəbbüslə çıxış edib.

Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisi “Bakcell Arena”da “Asan Məktub” layihəsinə müraciət edən bəzi uşaqların arzularını gerçəkləşdirib.

Bu gün 12 uşağı sözügedən arenada qonaq edən bakılılar, onları stadionla, klubun muzeyi ilə tanış ediblər.

Mini turun ardınca mətbuat konfransı keçirilib. Konfransda çıxış edən “Asan Məktub” layihəsinin rəhbəri Rəbiyyə Cəfərova dəstəyə görə “Neftçi”yə təşəkkürünü bildirib. O, qeyd edib ki, bu layihə çərçivəsində 2 mindən çox uşağın arzusu gerçəkləşdirilib.

“Neftçi”nin vitse-prezidenti Elnur Eyvazov da sözügedən layihənin əhəmiyyətindən söz açaraq, klubun sosial cəhətdən aktivliyini vurğulayıb.

Komandanın baş məşqçisi Tərlan Əhmədov da belə bir təşəbbüsün sevindirici olduğunu vurğulamaqla yanaşı, uşaqların arzularını gerçəkləşdirməyi şərəfli iş adlandırıb.

Daha sonra isə uşaqların istəklərinə uyğun olaraq, onlara hədiyyələr təqdim olunub. Sonra isə Şaxta baba və Qar qız uşaqları əyləndirib.

Emin Səfərov