Uşaqların potensial təhlükədən QORUNMASI: “Övladlarına laqeyd münasibət bəsləyən ailələr…”

“Heç bir uşaq cinsi zorakılıqla mübarizə aparmağa psixoloji cəhətdən hazır ola bilməz”.

Bu fikirləri uşaqlara qarşı cinsi istismar halları ilə mübarizə üsulları haqda danışan Sağlam Cəmiyyət Hərəkatının eksperti Lalə Mehralı Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, cinsi zorakılığa neqativ halların müntəzəm yaşandığı ailələrdə daha çox rast gəlinir:

“Uşaqların cinsi istismarının cəmiyyət tərəfindən qəbul edilməsi çətin olduğundan, onu müəyyən etmək və aşkara çıxarmaq da çox vaxt asan başa gəlmir. Uşaqlara qarşı cinsi istismara əvvəllər tamamilə yad insanlar tərəfindən yol verilirdi. Lakin fəciəvi haldır ki, indi cinsi istismara məruz qalanlar arasında ana, ata, ögey ana, ögey ata, qardaş, qohum, müəllim, qonşu və ya başqa yaxın adamın istismarına məruz qalanlar çoxluq təşkil edir.

Heç bir uşaq cinsi zorakılıqla mübarizə aparmağa psixoloji cəhətdən hazır ola bilməz. Hətta iki-üç yaşlı uşaq bu hadisənin nə olduğunu anlamasa belə, sonrakı həyatında olayın mənfi təsirini daim hiss edəcək. Beş və daha yuxarı yaşda olan uşaqların onlara qarşı zorakılıq edənləri tanıdıqları halda çaşqınlıq yaşamaları normaldır. Onlar həmin şəxsi tanıdıqları və ona sevgi bəslədikləri üçün təcavüz olayını heç kimə demirlər. Bəzən də bunu qorxu hissinin təsiri ilə gizlədirlər.

Uşaqlıq cinsi inkişafın və biliklərin hələ tamamlanmadığı bir dövrdür. Bu dövrdə o, hər hansı cinsi zorakılıq hərəkətini ya anlamayacaq, ya da gizlədilməsi vacib bir vəziyyət kimi xarakterizə edəcək. İstismar və cinsi zorakılıq mövzularında biliklərimizi artırmaqla, uşaqlarımızı qorumaq bizim ən birinci vəzifəmiz olmalıdır. Övladlarına qarşı zorakılıq və laqeyd münasibət göstərən ailələrə, həmçinin övladlarının diqqətə ehtiyacı olan ailələrə mütəmadi nəzarət şərtdir.

Dövlət, uşaqların təhlükəsiz şəraitdə yaşadığından əmin olmalı, ona tək olmadığını hiss etdirməlidir. Uşaqlarsız bir gələcək olmayacaq, o gələcəyin sağlam təməllər üzərində qurulması üçün isə sağlam ruhlu uşaqlara ehtiyac var. Uşaq zorakılığının qarşısının alınması mərhələsinə gəlincə, deyə bilərəm ki, bunun ən sınanmış yolu cəmiyyətin təhsil səviyyəsi və cəzalandırma sisteminin möhkəmliyidir.

Təhsil gələcəkdə uşaqlarına qarşı zorakılıq və laqeyd münasibət göstərəcək ailələri bəri başdan dəyişdirmək deməkdir. İctimai maarifləndirmə tədbirləri, ailəyə dəstək proqramları, sosial çarxlar və posterlər bu mübarizə üsullarına daxildir. Cəza sistemi də ədalətin göstəricisidir. Belə cinayətlərə görə həbs edilən şəxs ağırlaşdırılmış formada cəzalandırılmalıdır ki, digərlərinə də dərs olsun”.

Nuray Məmmədzadə

COP29