“Uşaqlıqdan eşidirdim ki, Heydər Əliyev hakimiyyətdə olsaydı, ermənilər buna cürət etməzdilər” – Elnur Camalxanovla MÜSAHİBƏ
“O zamankı xain qüvvələr Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla, ermənilərin mənfur niyyətlərini həyata keçirmələrinə məqsədli zəmin yaratmışdılar”.
Avropa və dünyanın nüfuzlu dövlətləri sırasında mühüm yer tutan İtaliya ilə Azərbaycan arasında siyasi-iqtisadi, mədəni və dostluq əlaqələri intensiv genişlənməkdədir. İkitərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində dövlət qurumları ilə yanaşı, diaspor təşkilatları və fəallarımız da yaxından iştirak edirlər. Belə təşkilatlardan biri də yarandığı gündən indiyə kimi Azərbaycanın maraqlarının qorunması və ölkəmizin layiqincə tanıdılması istiqamətində effektli fəaliyyəti ilə seçilən Neapol-Bakı Assosiaisiyasıdır.
Yenicag.az Neapol-Bakı Assosasiyasının vitse-prezidenti Elnur Camalxanovla geniş müsahibəni təqdim edir.
– Elnur bəy, öncə Neapol-Bakı Assosiasiyasının fəaliyyti haqqında məlumat verərdiniz…
– Neapol-Bakı Assosiasiyası beynəlxalq ictimai təşkilatdır. İtaliya-Azərbaycan arasında dostluq, iqtisadi və mədəni əlaqələrinin möhkəmlənməsinə fəaliyyətimizlə dəstək verməyi biz də özümüzə borc bilirik.
– Bəs təşkilatınız necə yaradıldı, formalaşma prosesi necə keçdi?
– Neapol və Bakı 1972-ci ildən qardaşlaşmış şəhər statusunu alıblar. Bu da məhz Ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövrlərinə təsadüf edir. SSRİ dağılandan sonra əfsuslar olsun ki, bu əlaqələr səngiməyə başladı. Zəifləmiş əlaqələri bərpa etmək üçün 2014-ü ildə Neapol-Bakı Assosasiyasının prezidenti, iş adamı Cüzeppe Kanilyanın təşəbbüsü ilə belə bir Assosasiya təsis olundu. O, Azərbaycanı çox sevir. Təşkilat Neapolda qeydiyyatdan keçdikdən sonra əməli fəaliyyətə başladıq.
– İtaliyada və Azərbaycanda müxtəlif tədbirlər keçirirsiniz. Fəaliyyətinizə dövlət tərəfindən müəyyən dəstək verilir, yoxsa bu işləri təşkilatın öz imkanları hesabına həyata keçirirsiniz?
– Fəaliyyətimizin ilk dönəmindən son vaxtlara qədər bütün tədbirlər öz təşəbüsümüz və maliyyə vəsaitimizlə keçirilib. İlk tədbirimiz 2015-ci ilin oktyabr ayında Neapolda baş tutdu. Azərbaycanın dövlət müstəqilliyi gününü orada qeyd etdik. İtaliyan dilində film hazırladıq. Fİlmdə Azərbaycanın ikinci dəfə müstəqilliyə qovuşması, Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə gəlişi və bununla da beşikdəcə boğulmaqda olan müstəqilliyimizin xilas edilməsindən bəhs olunurdu. Həmin tədbirdə Neapol meriyasından rəsmi şəxslər, elmi-akademik dairələrin və diplomatik korpusun nümayəndələri də iştirak edirdilər. Onları Azərbaycan reallıqları ilə yaxından tanış edib ölkəmizdə yaradılan əlverişli biznes mühiti haqqında ətraflı məlumat verdik. Bundan sonra İtaliyadan Azərbaycana müxtəlif iş adamlarının səfərini təşkil etdik.
– İtaliyalı iş adamları burada biznes qura biliblər?
– Onlar iş mühitini analiz edərək, razı qalıblar. Elələri var, iş qurdular. Ancaq bəziləri özlərinə uyğun tərəfdaş tapa bilməyiblər. Ancaq bu istiqamətdə tanışlıq və vəziyyətin qiymətləndirilməsi hələ də davam edir.
– İtalyada Azərbaycanı necə tanıyırlar?
– Sözsüz ki, siyasi əlaqələrin mövcudluğu hər bir sahədə müsbət təsirini göstərir. İtaliya Azərbaycan müstəqillik əldə etdikdən sonra müstəqilliyimizi ilk tanıyan dövlətlərdən biridir. Bu addım 1992-ci il yanvarın 1-də atılıb. Həmin ilin mart ayında isə İtaliya ilk səfirini Azərbaycana göndərib. Bunun özü artıq İtaliyanın Azərbaycana verdiyi əhəmiyyətin göstəricisidir. İtaliya Azərbaycana daim dost münasibəti sərgiləyib. Hətta Cümhuriyyət dönəmində Avropada təhsil almağa göndərilən 100 tələbənin ilk dayanacağı məhz İtaliya olub. Onların orada qalmasında və digər ölkələrə viza alınıb yola salınmasında İtaliya hökuməti yaxından kömək göstərib. Əlavə olaraq deyim ki, Ulu öndər Heydər Əliyevin İtaliyaya ilk rəsmi səfəri 1997-ci ildə baş tutub. Sentyabr ayının 25-dən 27-ə qədər orada müxtəlif rəsmi və işgüzar görüşlər keçirilib. Həmin səfərlə də Azərbaycanla İtaliya arasında iqtisadi əlaqələrin təməli qoyulub. Bu gün də İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. İtaliya-Azərbaycan diplomatik əlaqələrinin 25, iqtisadi əlaqələrin 20, həmçinin Neapol-Bakı qardaşlaşmasının 45 illiyi münasibəti ilə Bakıda təbir keçirmişik. Həmin vaxt tədbirdə rejissor Tahir Əliyevin ekranlaşdırdığı “Qafqazdan Apenninə” filmi italyanca nümayiş etdirildi. Film Assosiasiyamızın təşəbbüsü ilə italyan dilinə dublyaj edilmişdi. Filmdə İtaliya müqavimət hərəkatına qoşularaq, alman faşizminə qarşı rəşadətlə döyüşən azərbaycanlılardan bəhs olunurdu.
– Bu fəaliyyətinizdə Azərbaycanın Diaspor Komitəsi sizə hansısa formada dəstək verir?
– Biz hesabatlılıq prinsipi yaratmışıq. Fərqi yoxdur, dəstək verildi, ya yox. Gördüyümüz bütün işlərlə bağlı dövlət orqanlarına, Diaspor Komitəsinə məlumat xarakterli hesabat veririk. Dövlət strukturları tərəfindən işimiz qənaətbəxş sayılır. Bizim son tədbirimizə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dəstək verdi. Dəstəyə görə Fuad müəllimə bir daha təşəkkürümü bildirirəm. Milan Rəssamlıq Akademiyasının ilk azərbaycanlı məzunu Elay Məmmədov həmin şəhərdə yaradıcılıq fəaliyyəti ilə məşğuldur. İtaliya memarlar, rəssamlar, bir sözlə, incəsənət ölkəsidir. Onu İtaliyada daha yaxından tanıtdırmaq təbii ki, bizim üstünlüyümüz idi. Bundan ötrü konseptual bir iş görmək lazım gəlirdi. Bununla bağlı Diaspor Komitəsinə müraciət etdik. Onlar da bu işə dəstək verdilər. Neapolun məşhur Palazzo Fondi rəsm qaleriyasında sərgi təşkil etdik və dünya şöhrətli “Artribun” və “Exzibart” saytlarında işıqlandırılmasına nail olduq. Sərgi haqqında o saytlarda məlumatların getməsi xüsusi əhəmiyyət kəsb edirdi. Çünki onlar sıradan bir sərgini heç zaman işıqlandırmırlar. Ondan sonra Elaya Bolonya, Milan şəhərlərindən, Qətər, Ərəb Əmirlikləri kimi ölkələrdən sərgi təşkil etmək üçün dəvətlər gəldi. Deyərdim ki, bir növ hədəfimizə çatmışıq.
2017-ci ildə Xocalı Soyqırımının 25 illiyinin yüksək səviyyədə keçirilməsi ilə əlaqədar dövlət başçısı cənab İlham Əliyev sərəncam imzalamışdı. Sərəncamda qeyd edilirdi ki, dövlət qurumları, QHT-lər və müstəqil ictimai birliklər bu işlə məşğul olsunlar. Bu, bizim üçün bir tezis idi. Biz üzərimizdə o məsuliyyəti hiss etdik və Neapolda tədbir keçirdik. Xocalı Soyqırımı ilə bağlı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ərsəyə gələn “Sonsuz dəhliz” filmini orada nümayiş etdirdik. Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri cənab Məmməd Əhmədzadə, millət vəkili Qənirə Paşayeva, Neapolun ictimai xadimləri və dövlət rəsmiləri o tədbirdə iştirak edirdilər. Filimə baxan hər bir italiyalı sonda öz kədərini ifadə edib erməni vəhşiliklərini sərt şəkildə pisləmişdilər.
Ən uğurlu tədbirlərimizdən biri ötən ilin dekabr ayına təsadüf edir. Dekabrın 12-də Neapolun Şərqşünaslıq Universitetində Ulu Öndərin anım gününü qeyd etdik. Ulu Öndər haqqında ekranlaşdırılan və italyan dilinə dublyaj etdirdiyimiz “Xilaskar Ömrü” sənədli filminin nümayişi auditoriya tərəfindən böyük maraqla qaşılandı. Tədbirdə səfirimiz Məmməd Əhmədzadə də iştirak edib ürək sözlərini çatdırdı. Azərbaycan Dillər Universitetinin texniki dəstəyi və Assosiasiyamızın təşkilatçılığı ilə sözügedən universitetdə yaradılan “Azərbaycan Dilinin Təbliği Mərkəzi” də Ulu Öndərin əziz xatirəsinə ithaf olundu. Artıq Neapolun Şərqşünaslıq Universitetində Azərbaycan dilinin təbliği mərkəzi fəaliyyətə başlayıb. Bu, bizim fəaliyyətimizin əsas tərkib hissələrindən biridir.
– O mərkəzin fəaliyyətinə maraq hansı səviyyədədir?
– Ora Azərbaycan dilini öyrənmək üçün kitablar aparmışdıq. Orada elan etdim ki, bu kitablar vasitəsilə Azərbaycan dilini öyrənən ilk tələbənin öz vəsaitimiz hesabına ölkəmizə səfərini təşkil edəcəyik. Bir həftə ərzində Azərbaycanın maraqlı bölgələrini gəzdirib istirahətini təmin edəcəyik. Orada bir tələbə əlini qaldırıb kitabı istədi. O, artıq öyrənməyə başlayıb. Gözləyirik ki, tezliklə Azərbaycana gətirək.
– Bu tədbirdən artıq bir il zaman keçib. Sabah isə Ulu Öndərin növbəti anım günüdür. Sizin də xatirələrinizi bilmək maraqlı olardı…
– Bəli, 12 dekabr əbədiyaşar prezidentimiz Heydər Əliyevin anım günüdür. Artıq biz 16 ildir Ulu Öndərlə cismən ayrılmışıq. O, daim qəlbimizdədir. Heydər Əliyev mənim uşaqlıq qəhrəmanımdır. Yaxşı xatırlayıram, 1988-ci ilin qışı idi. Bir gün əmimoğlu bizə gəlib xəbər verdi ki, ermənilər Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb edirlər. Anam bunu eşidən kimi həyacan keçirdi. Bir an düşündükdən sonra dedi ki, əgər Heydər Əliyev hakimiyyətdə olsaydı, onlar buna cürət edə bilməzdilər. O söz mənə çox maraqlı gəldi. Axşam evimizdə böyüklər arasında bu barədə müzakirə gedəndə də gördüm ki, Heydər Əliyevin adı dillərindən düşmür. Uşaq idim, tanımırdım, ancaq ağızdan eşitdiyim sözlər əsasında o, məndən ötrü böyük bir qəhrəmana çevrilmişdi. Çünki böyüklərim ancaq ondan danışırdılar. Bir dəfə daimi bərbərim yerimdə olmadığı üçün Ağcabədi mehmanxanasında çalışan başqa bir bərbərin yanına getdim. O, saçımı kəsməyə başlayanda, baxdım ki, qarşımdakı masanın üzərində şüşənin altında bir qəzet parçası var. Məqalə və şəklin yuxarı hissəsində belə bir ad-soyad oxudum. Heydər Əlirza oğlu Əliyev. Evə gələndə anamdan soruşdum ki, Heydər Əliyevin atasının adı Əlirzadırmı? Dedi, bəli. Dedim, onu görmüşəm. Qəhrəmanımın simasını qəzetdə görmüşdüm. Sevinirdim. O gündən etibarən, ali təhsil dönəminə qədər yalnız həmin bərbərin xidmətindən istifadə etməyə başladım. Bilirdim ki, qəhrəmanımla görüşəcəm. Sonra proseslər dəyişdi. Heydər Əliyev xalqın təkidilə yenidən hakimiyyətə gəldi. Onda başa düşdüm ki, onu tək bizim ailə yox, bütün Azərbaycan xalqı sevir. O zamankı xain qüvvələr Heydər Əliyevi siyasi hakimiyyətdən uzaqlaşdırmaqla, ermənilərin mənfur niyyətlərini həyata keçirmələrinə məqsədli zəmin yaratmışdılar. Əgər əvvəldən Heydər Əliyev hakimiyyətdə olsaydı, Qarabağ problemi də baş qaldırmazdı. Əfsuslar olsun ki, bu problemlər yaşandı. Allah ona rəhmət eləsin! İndi onun siyasi kursunu Ali Baş Komandan, Möhtərəm prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Biz də Azərbaycan övladı kimi o kursu dəstəkləyirik və hər zaman prezidentimizin yanındayıq.
– Diaspor deyiləndə, ani olaraq, erməni diasporu ilə müqayisə aparılır. İtaliyada Azərbaycan diasporunun imkanlarını necə qiymətləndirirsiz?
– Düzü belə müqayisəli təhlili tam olaraq aparmamışam. Müşahidə baxımından deyə bilərəm ki, İtaliyada bizim diaspor fəaliyyətimiz ermənilərdən qat-qat üstündür. Ancaq onu deyə bilərəm ki, Diaspor Komitəsinin yeni rəhbərliyi ermənilərlə mübarizəyə xüsusi önəm verir.
– Növbəti il üçün planlarınız nədir? Hansı hazırlıqlarınız var?
– Artıq tədbirlər planımız hazırlanıb. Çatdırsaq, planda nəzərdə tutlan bütün tədbirləri həyata keçirməyə çalışacağıq. 20 Yanvar şəhidlərinin və Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirlərin təşkilini planlaşdırırıq. Eyni zamanda, Novruz bayramı ilə bağlı milli adət-ənənəmizi Neapolda nümayiş etdirmək istəyirik. Keçəl, kosa, kəndirbaz oyunları düşünürəm ki, orada maraqla qarşılanar. Aprel ayında İtaliya universitetlərinin birində Avropanın enerji təhlükəsisliyi və Azərbaycanın o məsələdə rolu ilə bağlı konfrans keçirməyi nəzərdə tuturuq. Digər mədəni tədbirlərin də təşkili hədəfimizdədir. Bir sözlə, İtaliya və Azərbaycan arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində biz də əlimizdən gələni etməyə hər zaman hazırıq.