Rusiyada uşaqsızlığa görə verginin qaytarılmasını təklif edirlər.
Yenicag.az xəbər verir ki, bunu Rusiya mediasına müsahibəsində Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin Ekstremal Psixologiya fakültəsinin dekanı Dmitri Deulin deyib.
Deulin bildirib ki, bu, “uşaqsız subkultura” ilə mübarizə aparmağa və doğum nisbətini artırmağa kömək edəcək. O, uşaqsız subkulturada cəmiyyət üçün böyük təhlükə gördüyünü deyib.
“Rusiyada, SSRİ-də olduğu kimi, ölkədə doğum səviyyəsinin artmasına kömək etməyən uşaqsız subkulturaya qarşı çıxmaq üçün uşaqsızlığa vergi tətbiq etmək lazımdır.
Uşaqsız subkultura ənənəvi cəmiyyət üçün böyük təhlükə yaradır. Bəzən uşaqdan imtina edilməsi ifrat formalara çatır – uşaqlara nifrət ifadə olunur”, – Deulin qeyd edib.
Dekan hesab edir ki, uşaqsızlığa qarşı mübarizə “proqressiv və yumşaq” olmalıdır.
“Məsələn, sovet dövründə uşaqların olmamasına görə vergi var idi. Bütün toplanmış təcrübəni, o cümlədən xarici təcrübəni diqqətlə öyrənmək lazımdır.
Uşaqsızlığa görə vergini qaytarmaq lazımdır”, – deyə psixoloq bildirib.
Qeyd edək ki, bundan bir gün əvvəl Rusiya prezidenti Vladimir Putin ölkədə doğum səviyyəsinin davamlı artımına nail olmaq zərurətini bəyan edib.
O, həmçinin analıq kapitalı və ailə ipoteka proqramlarının 2030-cu ilə qədər uzadılmasını təklif edib.
Xuraman Etibarlı