Reklam

Reklam

Uşağın başına alma qoyur, sonra da uzaqdan bıçaq ataraq həmin almanı yarıya bölür, üstündən avtobus keçir, hamının gözü qarşısında yoxa çıxır, yüksək sürətlə gedən “Qalenvagen”in içinə tullanaraq uzaqlaşır… Sosial şəbəkələrdə izləmə rekordu qıran bu qorxunc görüntülər görənləri dəhşətə gətirir. İlk baxışda adama elə gəlir ki, bu görüntülər həqiqətdir. Amma sonradan illüziya olduğunu düşünürsən.

Əslində isə bu videoçarxlar heç də düşündüyümüz kimi deyil… Yeniçağ.az bu məşhur görüntülərin 26 yaşlı müəllifini Zamiki tapıb, sorğu-suala çəkdi.

– Paylaşdığın videogörüntülərlə sosial şəbəkəni ayağa qaldırmısan, bəlkə açıqlayasan, bu görüntülər montajdır, yoxsa illüziya?

– Əslində, montajdır, amma mən illüziya kimi qələmə verirəm. Çünki belə olanda insanlara daha maraqlı təsir bağışlayır.

– Bu işə maraq nə vaxt və necə yarandı?

– Bu işlə 2015-ci ildən məşğulam. Dünyaca məşhur amerikalı videomontajçı Zak Kinqin videogörüntülərinə baxıb həvəslənmişəm. Düşündüm ki, niyə bir azərbaycanlı olaraq mən də hər kəsi heyrətləndirən görüntülərin müəllifi olmayım? Qarşıma məqsəd qoydum və çox da uğurlu da alındı.

– Məqsədin nə idi?

– Məşhurlaşmaq. İstəyirdim hamı məndən danışsın. Desinlər ki, Azərbaycanda da Zak Kinq kimi istedadlı oğlan var. Həm də istəyirəm ki, bu görüntüləri çoxlu sayda insanlar izləsin. Artıq məni tanıyanların, daha doğrusu izləyicilərimin sayı-hesabı yoxdur.

– Sosial şəbəkədə indiyə qədər nə qədər izləyicin var?

– Yarımmilyona yaxınlaşıb. Bu işi intensivləşdirmək məqsədi ilə yeni səhifə də yaratmışam. Orada yalnız öz reklamımla məşğul olacam.

– Bu görüntülərdən qazanc əldə edə bilirsənmi?

– Sosial şəbəkələrdən hələ ki, qazanc yoxdur, amma reklam şirkətləri ilə əməkdaşlıq edirəm. Bir neçə məşhur şirkət var ki, onlar videogörüntülər sifariş ediblər. Qazancı həmin şirkətlərdən götürürəm.

– Sirr deyilsə, nə qədər?

– Təxminən 500-3000 manat arasında olur. Hələ ki, azdır.

– Bir videogörüntü neçə günə başa gəlir?

– Bir günə çəkirəm, iki günə də montaj edirəm. Müddət işin texniki tərəfindən asılıdır.

– Yeri gəlmişkən, bu işin texnologiyasını necə mənimsədin?

– Zak Kinqin videogörüntülərinə baxa-baxa öyrəndim. Həm də bu sirri açmaq istəmirəm. Amma tələbəm olmaq istəyən çoxdur. Hələ ki, razılaşmıram. Amma gələcəkdə yəqin ki, bu işin məktəbini yaradacam. Hələ ki, işlərimin sayını artırmaqla məşğulam.

– Neçə videoçarxın var ki?

– 50-dən artıqdır.

– Bir çarx neçəyə başa gəlir?

– Elə də pul aparmır. Hansısa əşya lazım olanda onu pulla alıram.

– Sosial şəbəkədə hansı videoçarxın daha çox izləyici toplayıb?

– Avtobusun üstümdən keçməsi, sürətlə gedən “Qalenvagen”in içinə tullanıb getməyim. Bir də uşağın başına alma qoyuram, uzaqdan bıçaq atıb, onu kəsirəm – bu görüntülər həddən çox maraq doğurur.

– Sosial şəbəkədə ünvanına daha çox irad yazırlar, yoxsa tərif yağdırırlar?

– Tərifləyən də olur. Deyirlər əhsən sənə, bunu necə bacarmısan? Amma bunu həqiqət bilib, qorxanlar da az deyil. Çox adam yazır ki, belə eləmə, uşaqlar sənə baxıb bu işi təkrarlayar, nəticəsi pis olar.

– Doğrudan bu görüntülərin faciə ilə nəticələnməyindən ehtiyat etmirsən?

– Ona qalsa, sosial şəbəkələrdə o qədər dəhşətli videoçarxlar var ki, hamısına da baxırlar. Heç kimi məcbur etmirəm ki, gəlin mənim videogörüntülərimə baxın. Özləri maraqlanır.

– Bəs öz valideynlərin nə deyir, bu işə etiraz etmirlər ki?

– İşim onlara da maraqlıdır. 26 yaşım var, artıq müstəqil insanam, gələcəyimi özüm müəyyənləşdirirəm.

– Gələcəkdə Zak Kinqlə görüşmək planında yoxdur ki?

– Əgər özü istəsə, mənimlə görüşə bilər.

– Hətta… Sən artıq ulduz xəstəliyinə tutulmusan ki…

– (gülür)…

– Bilmirəm xəbərin var, ya yox, sosial şəbəkədə Zak Kinqi təkrarladığını yazırlar.

– İlk dəfə onun etdiklərini təkrarlamışam, yəni oxşatmışam. Amma sonradan artıq öz fantaziyam əsasında görüntülər çəkdim. Başlanğıcda hər kəs kiməsə oxşaya bilər. Bu işə başlamağımdan cəmi bir-iki il keçir. Getdikcə daha da püxtələşəcəm. Elə işlər edəcəm ki, hamı məndən danışacaq.

 

Cəvahir Səlimqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 127
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."