Üzün bir tərəfinin keyiməsinin SƏBƏB və FƏSADLARI

Son zamanlar “üzümün bir yarısı, sağ və ya sol tərəfim sanki keyiyir, quruyur, hissiyatını itirir” kimi şikayət edənlər çoxalıb. İnsanlar bu simptoma nədənsə biganə yanaşır, əsəbdəndir deyib keçəcəyini gözləyir.

Yenicag.az xəbər verir ki, Medicina.az üzün birtərəfli olaraq keyiməsinin səbəblərini və hansı dəhşətli sonluğa səbəb olacağını araşdırıb.

Bu vəziyyət hansı patologiyalardan xəbər verir və hansı halda təcili həkimə çatdırılmaq lazımdır?

Ümumiyyətlə, bədəndə istənilən nahiyənin keyiməsi periferik sinir sisteminin işinin pozulması deməkdir. Üz sinirlərinin işini hansı səbəblər poza bilər?

– Travma, zədə
– Sinirlərin sıxılması- zədə, şiş, iltihab

Keyimə ilk əvvəl yüngül iynələnmədən, sanki qarışqa gəzirmiş kimi hisdən başlayıb, getdikcə böyük sahənin hissiyatının itməsi ilə nəticələnə bilər.
Yəni hər şey birdən olmur. Amma üzün bir tərəfinin sanki iflic olmuş kimi keyiməsi insanı dəhşət və panik vəziyyətə salır.

Üzün bir tərəfinin keyiməsi bu xəstəliklərdən ola bilər:

– Baş beyin toxumalarının insultu

Bu zaman əsas damarların tutulması baş verir və ya damar cırılır. Nəticədə beyin qan dövranı pozulur. Üz də başda yerləşdiriyi üçün sinirlərin keçiriciliyi kəsilir, üz əzələlərinin iflici baş verir. Üzün bir tərəfi sallanır, ağız dəyişir.

İnsult olan vaxt dəqiqələr xəstənin əleyhinə işləyir. Xəstə 30 dəqiqə ərzində xəstəxanaya çatdırılmalı, damar açılmalı və ya qanamadırsa durdurulmalıdır.

– Tranzitor işemik atak

– Bu insultun xəbərdaredici imitasiyasıdır. Damarda tromb var, qan dövranı pozulur, amma tromb gəzən trombdur, ona görə irəlilədikcə qanın yolu açılır.

Tranzitor həmlə bir neçə dəqiqədən 1 saata kimi çəkir və keçib gedir. Amma sonradan təkrarlana bilər. Ona görə bu həmlələr baş verdisə, baş beyni və damarları yoxlatmaq mütləqdir.

– Dağınıq skleroz

Bədəndə ətrafların, bədənin və üzün bir hissəsinin keyiməsi dağınıq sklerozun birinci əlamətlərindəndir. Bu çox ağır autoimmun xəstəlikdir, immun sistem özü öz hüceyrələrini tanımır və sinir örtüyünü dağıdır. Sinirlər zədələnir, konkret sahələr keyiyir. Bununla yanaşı ağrılı qıcolmalar, gözlərdə problem, koordinasiyada pozulamalr olur, sidiyə nəzarət edə bilmirlər.

– Bella iflici

Bu, üzdə üçlü sinirin iltihabıdır. Üzün bir tərəfində əzələnin iflici baş verir, ağzı açıb bağlayanda şimşəkvari ağrı olur, eşitmə və dadbilmədə pozulma yaranır, xəstə çox ağrı hiss edir. Ağızın bir tərəfindən ağız suyu axır, üzdə və ağızda asimmetriya yaranır. Üçlü sinirin iltihabı uzun müddətə müalicə olunur, sinirlər bərpa olur.

– Hemipleqik miqren

Miqrenin bu növündə bədən və üzün bir tərəfində əzələ zəifliyi müşahidə olunur. Bu zaman baş ağrısı, görmədə pozulma, başgicəllənmə də olur. Miqren tutması 1 sutkadan 3 sutkaya kimi davam edə bilər.

– Müxtəlif infeksiyalar

Üz, baş hissədə olan istənilən infeksiya, hətta burun və dişlərdə iltihab, herpes keyimə verə bilər. Herpes sinir uclarında gizlənərək, onları qıcıqlandırır. Bu zaman üzün bir tərəfində irinli səpkilər də çıxa bilər.

– Şişlər

Baş beyində olan xoş və bədxassəli şişlər üz sinirlərini sıxa bilər. Yanaşı olaraq görmə, eşitmə, çeynəmədə problemlər olur.
Şişlərin xarakterik cəhəti odur ki, bella iflici və insult kimi qəfildən ağır başlamır, tədricən, aylarla, illərlə şiş böyüdükcə təzahür edir. Bu xəstələr başqa həkimləri gəzir, müxtəlif yanlış diaqnozlardan müalicə alırlar

– Allergiya

Kontakt və qida allergiyası da üzün dərisinin keyiməsinə səbəb ola bilər.
Bu zaman dodaqlar və dil də sanki keyiyir. Allergen uzaqlaşdırıldıqdan sonra sutka ərzində bu simptom itir.

– Bəzi dərmanların qəbulu

Bəzi antihistamin, antidepressant və kimyaterapiya dərmanları üzdə keyimə yaradır.

Təcili həkim

İstənilən üz keyiməsi nevroloq müayinəsi üçün göstərişdir. Əgər zamanla keyimələr dərinləşirsə, keçmirsə, deməli patologiya çətindir.
Təcili yardım isə üz iflici və insult zamanı çağırılmalıdır.

COP29